Əşrəf  Veysəlli - SABAHA HAVANI PİS DEYİBDİLƏR

Ədəbiyyat 09:50 / 12.05.2026 Baxış sayı: 251

 

O bulud saçlara qurban olum mən,

Səni kölgəsində bəsləyibdilər.

Yollar uşaq kumi tutub əlimdən,

Sən keçən yolləra səsləyibdilər.

 

Eşqin dəryasında gəmin— gözlərin,

Dünya — tilsimində həmin gözlərin.

Bütün gözəllərə sənin gözlərin

Gözəllik elmindən dərs deyibdilər.

 

Sənsən atributu eşqin, ülfətin,

Təmiz məhəbbətin, saf məhəbbətin.

Mənə də, hisslərim bu ülviyyətin

Üstündə nanə tək əs deyibdilər.

 

Harda sən varsansa orda varam mən,

Əhdimdə, sözümdə inadkaram mən.

O daşa, divara minnətdaram mən,-

Səni bədnəzərdən gizləyibdilər.

 

Bir salxım söyüdəm çeşmə yanında,

Ürəyim çırpınır həyəcanımdan.

Hündür ağacların keçmə yanından,

Sabaha havanı pis deyibdilər.

2023- cü il.