SÜDABƏ SƏRVİ - YOL VER ŞƏHİD ANASINA
Yol ver şəhid anasına,
O ana bir igid doğub.
Bu igidin tərifini
qələm də yaza bilməz!
Heç bir dastana sığmaz,
Heç bir misraya gəlməz!
İgid deyirəm, igid!
Gözləri yurd sevgili,
Ürəyi vətən boyda.
Bu cür qoçaq, qəhrəman,
bu buxunda, bu boyda,
Doğulmayıb cahanda.
Onunçün şəhid olmaq,
ən yüksək, şərəfli ad.
Gerisi təfərrüat.
Əl ver şəhid anasına,
Təzim elə qarşısında.
Bir azacıq təsəlli ver,
Bir azacıq ümidi ol,
tap qəlbinə işıqlı yol.
Gəl çəkinmə bu ananın,
Kədər yağan baxışından.
qurtar onu bir anlığa,
bu zamanın axışından.
O ananın üzü gülmür,
Sevinc nədi, o ki bilmir.
Sinəsində nə boyda ah...
O ananın çəkdiyini,
Özü bilir, bir də Allah.
Gül ver şəhid anasına,
Susuzluqdan təşnə olan,
yaralı ürəyinə bəlkə
bir kiçicik sevinc dolar
bəlkə, bəlkə...
Bir damla təsəlli olar.