Şindan qalası - Şahverən Cavad
Astara rayonun Sım kəndi yaxınlığında - dəniz səviyyəsindən təxminən 1800 metr yüksəklikdə yerləşir . Tarixi , İslamdan əvvəlki əsrlərə gedib çıxır . Bəzi tarixçilər 7 - 8 - ci əsrlərə , digərləri isə daha qədim - Sasani dövrünə ( 3 - cü əsr ) aid olduğunu bildirirlər . Şindan qalası əzəmətilə , ona baxanları heyrətə salır . Yolları keçilməz olsa da , qalanı ziyarət etmişəm .
Şindan qalasında yorulub zaman ,
Sükutun fəryadı - ruhun səsidir .
Zirvədən dərəyə tökülən çayın
harayı - " Qarabağ şikəstəsidir " .
Oxlar yağış kimi yağıb göylərdən ,
Divarlar oxlara sipər olublar .
Düşmən tufan kimi gəlib üstünə ,
Qeyrətdən sədd çəkib - çəpər olublar .
Atların nal səsi daş küçələrdən ,
Qan iyi qalanın bürcündən gəlir .
Divardan bürclərə qalxan ağaclar ,
Döyüş bayrağı tək göyə yüksəlir .
Buludlar qalanın xəyallarıdır ,
Əskilməz başından bir an buludu .
Ayın şəfəqləri nəm çəkib gecə -
Şindan başı üstə asıb , qurudur .
Səni vəsf eylədi Qətran Təbrizi ,
Adına qəsidə yazdı Xəqani .
Babək Xürrəminin səngəri - qala ,
Vaxtın daş sandığı , dağlar xaqanı !
" Bir pəncərə imiş , bu qala - dünya ,
Gələnlər dünyaya baxıb , gediblər ."
Zaman kəklikotu qoxusu verir -
Vaxtı çay tək içib , çıxıb , gediblər .
21 . 0 5 . 2026