Elnur Uğur Abdiyev - Çoxdan qazmışam qəbrini

Ədəbiyyat 17:57 / 21.05.2026 Baxış sayı: 207

Çoxdan qazmışam qəbrini

Solumda ölü sağların.

İçi ölübsə yaramaz,

Heç nəyə çölü sağların.

 

Yeri üstündə yaşadan,

Altının diri olmağı.

Göyü göyündə yaşadan,

Yerlərdə yeri olmağı.

 

Nə çoxdu yeriyən yerdə,

Adam görkəmli heykəllər.

Üzündə Günəş doğulan,

İçində nəmli heykəllər.

Söz dilin astar üzüdür,

Dil sözün üzünə astar.

Bu astarın üzündəki

Astarı görəndi usta!

İçində boğulan səsin,

Harayı daha dərindi.

Könlündən keçmirsə o səs,

Qulaqla duymaq çətindi.