Əbülfət  Mədətoğlu : - Məndən küsən  sözdəki  TƏNHALIĞIM

YAZARLAR 11:36 / 21.05.2026 Baxış sayı: 377

Ürəyimdən   səssizlik keçir. Sakit, heç kimin olmadığı mobil, elektron, daha nə bilim nələr,nələr olmayan bir guşə... Sadəcə su şırıltısı, yarpaq, ot xışıltısı, bir də quşların  səsi. Yetər ki, bunlar mənim ayaqda olduğumu, yaşadığımı, mövcudluğumu xatırlatsın.Yəni bunların mövcudluğu və mənim bunlarla təmasım artıq özü-özlüyündə yaşadığımı,düşündüyümü büruzə verir. Və mən də həmin o düşüncələri sadəcə indi xəyal edirəm,ürəyimdən keçirirəm ki, kaş, o sakit guşəni heç olmasa bir saatlıq haqq edə bilim,onu mənə bağışlasınlar... o bir saatlıq anı yaşamaq imkanı, dəstəyi versinlər...

 

Axı  yaşananlar o vaxt   şirin   və  yaddaqalan olur ki, onu xatırlayanda ürəyin ağrımır. Özündən, yaşadıqlarından,ümumiyyətlə, dünənindən incimirsən, küsmürsən,bezmirsən və dünəninə də, özünə də acımırsan. Bu mənada mənim dünənimdən incidiyim  məqamlar heç də az deyil. Amma neyləyim ki, hər dəfə dizimə dəyən daşlar ağlımı  özümə qaytarmır. Axırda dizim daşdan bezir, daş da dizimdən. Və hər ikisi"eh" edib başını bulayıb çəkilir öz işinin arxasına.

Buna görə də həm  doğmalar, həm simsar olanlar, məni mənim kimi duyan sənin özün də hər dəfə məni  qınayırsan, mənə nəsihət edirsən, məsləhət verirsən, ağıllı olmağa, özümü toparlamağa çağırırsan. Mən isə  ağıllana bilmirəm. Deyəsən südlə gələn sümüklə çıxacaq axırda. Yəni normal, səmimi  yanaşıb qayğı-diqqət ayırdığım insanın divarın o üzündəki mövqeyi, yanaşması, hətta  açıqlamalar verməsi "qulağı" olan yerin yaratdığı fürsət hesabına çoxda gizlin qalmır, açılır üstü, bəlli olur hər şey. Bax, onda ürəyim ağrıyır, özümü   qınayıram. Amma bu da bir an çəkir. Çünki mən təbiətən tamam fərqli baxmışam dünyaya.Bunun da əsas səbəbi müəllimlərim olub - həm məktəbdə, həm də həyatda. Hər zamanda onların öyrətdikləri, onlardan öyrəndiklərim əlimdən tutub və o sarsıntıları,o ürəyimə dəyənləri büküb bir kənara qoymaqda mənə kömək olublar. Və mən yenə öz  yolumla, öz axarımla getmişəm, gedirəm... onlar da yenə öz axarlarıyla, öz yollarıyla  gedirlər. Bu yollar kəsişən deyil. Bu yolların bəxtinə paralellik yazılıb. Ona görədə paralel olanın bir-birindən qurtulması üçün hansısa birinin sıradan çıxması lazımdı.Bu da Allahın ixtiyarındadı. Mən də Allahın işinə qarışmağı nə bacarmıram, nə dəbu barədə heç düşünmürəm də. Sizə də məsləhət görmürəm. İstəyirəm ki, bu həyatın bütün rənglərini, bütün   çalarlarını gözünüzün önünə gətirib necə var elə qəbul edəsiniz. Reallığa, gerçəyə  sığınasınız, onu önə çəkəsiniz, onun yanında olasınız. Bax onda görəcəksiniz ki,bu dünyanın "qara   daş"ı  göyərməsə   də , üstündə ot göyərdir. Axı, iradə Allahındı! Hökm onundu!

Şəxsən  mən bir az pafoslu, bir az böyük görünsə də, əlimi ürəyimin üstünə qoyub deyirəmki, bəli, məni necə, hardan vursanız da, onun ağrısı Allahımın və Sənin sayəndə  bir məlhəm tapır. Və çəkilib bir təkliyə, bir kimsəsizliyə düşünürəm. Düşünürəmki, içimdəki təkliyin diktəsi də Tanrıdan gəlir.

 

Kədər bol, ağrı bol, qəm başdan aşır

Bu bolluq dəm verir, dəm , başdan aşır!..

Varım ,varidatım cəm, başdan aşır -

Bir az... yaşamağa ehtiyacım var!

 

Dünənim, bu günüm üst-üstə dağdı

Gül açan, bar verən, baxcadı, bağdı!..

Canım hərəkətdə , üzüm də ağdı -

Bir az... yaşamağa ehtiyacım var!

 

Əməlim ortada, sözüm yazıda

Göstərdim ədanı, çəkdim nazı da!

Xərclədim həmişə çoxu, azı da -

Bir az ... yaşamağa ehtiyacım var!..

 

Ürək sığmayanda sinə - qəfəsə,

Coşub dəlilər tək, gəlib həvəsə...

Bir çətir altında nəfəs- nəfəsə -

Bir az yaşamağa ehtiyacım var!..

 

Yurd salıb bir gizli fərəh içimdə

Fərəhə sarılsın gərək içim də!

Mən dua edirəm , fərəh üçün də -

Bir az yaşamağa ehtiyacım var!

                                     ***

Bu  bir  həqiqətdir  ki,  istəyimizdən  asılı  olmayaraq  vaxt  öz  işini  görür, fəsillər  bir-birini  əvəzedir. Deməli, yazın  gəlişinə  sevinən bəndə  payızın  nəfəsin  duyduqca  kövrəlməyə  başlayır. Bu, obrazlı  ifadə  olsa da, daxilində  bir  gerçəklik  hakimdi. Gerçəkliyi  də  insan  özü  yaradır, yəni biz özümüzüçün bunu normal bir  şəkildə  qəbul etmişik. Və  ömrümüzün  payızını  elə  saralan  yarpaqlara  bənzədərək  yavaş-yavaş  üzüqışa, özü də  hardasa  dirəşərək, tələsmədən  getmişik. Bizim  tələsib-tələsməməyimiz  isə  heç  nəyə  yaramayıb. Yenə  təkrar  edirəm:

- Zamanı  durdurmaq  mümkün  deyil. Mən zaman ölçülərini  heçnəyə  bənzədə  bilmirəm. Heç  kimin  ömürlüyünə  uyğunlaşdırmaq  gücüm də  yoxdur. Bircə  özümdən  və  sevgimdən  başqa. Çünki  sevgi  bu  zamanın  özü  boydadır. Onun mənimlə hər anımda  və  gerçək  bir şəkildə  təmasda  olması  danılmazdı. Dünənimdə də, bugünümdə də, əgər var olsam  sabahımda da olacaq. Bu inamı mənə  Tanrım  verib. Bilirəm  ki, Tanrının  verdiyini  d  yalnız  Tanrı ala bilər. Haqdan  gələnin qarşısında bütün  varlığımla  dayanıb  onu  qarşılamaqla  yanaşı  onu  yaşatmağı da bu  günə  qədər  bacarmışam  və…

Mən  özümdən, sözümdən  həmişə  incik  olsam da, bircə  nöqtədə  özümü də, sözümü də  günahsız  görürəm. O da səni  düşünmək, səndən  yazmaqdı. Deyə  bilərsən ki, bütün  yazdıqlarında  varamsa, deməli  məni  düşünmədiyin an yoxdur. Bəli, bu  həqiqətdir  və  elə  həqiqə  olduğuna  görə  sən də   heç   olmasa  gününün, ayının, ilinin bir anın da məni  düşün. Mənim  nə  çəkdiyimi, necə  yaşadığımı  dəyərləndir, mənə  görə  yox, özünə  və  sevginə  görə…

Hə, gəlimli-gedimli  dünyanın  hər  üzünü  görüb  tanıya-tanıya  yaşlaşırıq  və  elə  bilirik  ki, sabah  bugündən  hansısa  bir  mənada  bizim  üçü  daha  yaxşı  olacaq. Bu bir  düşüncədi, bir  istəkdi, bir  xəyaldı. Gerçəkdə  isə  bizim  istəklərimiz  elə  tumurcuq da  solur, çiçək  açmır. Bu, ümidsizlik  deyil. Bu, mənim  sənə  çatdırmaq  istədiyim  duyğularımın  bir  ləçəyidi. Əgər  oxşamaq, toxunmaq  istəsən, aç əlini. Amma elə et ki, gözlərindən o ləçəyə  şeh  düşməsin…

…Ürəyindəkilərin  səsini  kağıza  köçürə  bilmirəm, rəsmini  çəkməyə  gücüm  çatmır. Amma özümü  cəmləyib  indiki  anda   sənə  bunu  pıçıldayıram:

 

Ayağını  şeh  öpürsə

nə  gözəl!..

Yanağını meh öpürsə –

nə  gözəl!..

 

Saçlarına  külək  daraq,

Qələminə  ürək  varaq…

DilinəYar  sözü  yaraq –

nə  gözəl!..

 

Baxışına  Günəş  çəpər –

Olub, alıb  səndən  təpər,

Baxışından o nur  səpər –

nə  gözəl!..

 

Varlığına  səcdə  varsa,

Səcdəgah Allah, həm yarsa…

Məni  bu  sevgi  aparsa –

nə  gözəl!..

Hə, mən bu yazını bilgisayara diktə  edərkən  elə  bildimki, hardasa  özüm   daha  tək  deyiləm.... Amma yazıya  nöqtə  qoyanda  gördüm  ki, yenə  mən  səndəyəm.  Özüm  isə…tənha.

 

R.S. İnsan öz  durumunu, öz gerçəkliyini və bir də içindəki sevgi və nifrəti göstərmək zorunda  deyil. Yenə bir məqamdan başqa. Yəni artıq duyulmursansa, hiss olunmursansa,görünmürsənsə, onda hansısa bir formada öz haqqını göstərməyə məcbursan. Belə məqamda da görünməsən, onda qalır qarşı-qarşıya gəlmək. Bunu isə heç kimə arzu etmirəm. Ən  yaxşısı sakit və anlayışlı şəkildə ömür payını yaşamaqdı...

Özü də  , soruşmadan   sən kimsən? Onda bu  misraları oxuyun:

Mən bəlkə də heç  kiməm

Bəlkə də sonuncu  "ah”...

Bəlkə də bu dünyada–

Günahın özü  günah!..

 

Əlim küləkdən  tutub

Ayağım hava üstə...

Yer məni elə  udub –

Gedir tay dava  üstə...

 

Dözülməzdi tənhalıq

Dözülməzdi dörd  divar...

Düşünün siz biranlıq –

Kimin lal, kar dərdi   var?!

 

Bölüşmək çətinləşib

Qeyb olubdu isti  söz...

Məni qüsul etməyin–

Məndən bezib –küsüb söz!...