Ayaz Arabaçı - Bir ömür hekayəm var.

YAZARLAR 14:15 / 21.05.2026 Baxış sayı: 364

Bir ömür hekayəm var. Bir neçə dəfə yazmağa başlayıb, sonra cırıb atmışam… Bu çox-çox əvvəllər olub. Indi isə yazmaq elə içimdən gəldi ki!

Həm də görürəm ki, bəzi hissləri gizlində saxladıqca adamı yorur, tükəndirir.

İllər keçir, hər şey dəyişir, adamlar uzaqlaşır… Amma bəzi xatirələr var ki, zaman onlara toxuna bilmir, onların təravətini itirə bilmir. Hərdən bir mahnıda, bir küçədə, bir payız axşamında yenidən qarşına çıxır. Elə bil ömür dönüb səni təzədən öz başlanğıcına aparır.

Elə bunu düşünə-düşünə yenə tərəddüd içindəyəm. Bəlkə yazmayım, bəlkə bir az yazandan sonra davam etdirə bilmədim. Bəlkə hadisələri təsvir edəndə sözlər tükəndi..

Şeirə nə var e, gəldiyiylə yazmağın bir olur..

Amma belə bir deyim də var-çətini başlamaqdır və bu bircə kəlmə önümdəki tərəddüdü və bütün qaranlığı işığa çevirdi.

Bəlkə bu hekayə bir kitab olmayacaq… Bəlkə heç kim oxumayacaq… Amma bilirəm ki, yazmasam, rahat olmayacağam. Ən azından darıxanda özüm oxuyacağam. Ona görə də bir insanın ömrü qədər ağır, bir xatirə qədər kövrək hekayəmə başlayıram..

Hələ ki bu hekayəyə ad qoymadım. Yəqin k yazıb qurtara bilsəm Bir ad da qoyaram.

Son illər kompüter və telefonlar həyatımıza elə girib ki, əlyazmalar yavaş-yavaş yaddaşımızdan silinməyə başlayıb. Yazılarımızın da ruhu dəyişib elə bil, eyni şrift, eyni ölçü, eyni soyuqluq...

Ona görə də əlimin altında, arxivimdə nə qalıbsa, hamısı on il əvvəlin, iyirmi il əvvəlin, bəzisi isə lap gəncliyimin yadigarlarıdır. Köhnə dəftərlər, saralmış vərəqlər, tələsik yazılmış şeirlər, yarımçıq hekayələr, küncündə tarix qoyulmuş qeydlər...

Əlyazmalar adamda qəribə hisslər oyadır, istər səninki olsun, istər başqasınınkı..

Əlyazmaların nəfəsi olur.

Hərflərin əyriliyi, qat-qarışıqlığı, yaxud muncuq kimi düzülüşü insanın ovqatından xəbər verir. Bəzən bir cümlənin üstündən əsəbi şəkildə çəkilmiş xətt müəllifin o an hansı hiss keçirdiyini gətirir göz önünə. Kağıza hopmuş mürəkkəb qoxusu, qat yerlərinin köhnəlməsi, vaxtın saraltdığı vərəqlər bunların hamısı yaddaşın canlı qalması deməkdir.

Bazar günüdür, evdəyəm.

Şəhərə çıxmağa həvəsim yoxdur.

Şəhərə, ona görə deyirəm ki, uzaq Bakı kəndlərinin birində yaşayıram.

Birdən-birə köhnə əlyazmalarımla baş-başa qalmaq istədim.Qapısı cırhacır salan şkafı açıb

toz basmış qovluqları, köhnə dəftərləri, illərlə əl dəyməmiş kağızları çıxarıb stolun üstünə tökdüm. Hərəsinin içində ayrı bir zaman yuxulamışdı. Birini açanda tələbəlik illəri boylanırdı içindən, bir başqasından ilk şeirlərimin utancaq misraları çıxırdı qarşıma.

Bəzi vərəqlərin arasında qurumuş yarpaq vardı. Bəzilərində telefon nömrələri. Bəzilərində isə artıq həyatda olmayan adamların nəfəsi..

Balaca otağım yavaş-yavaş keçmişin qoxusu ilə dolurdu.

Mən köhnə yazılara baxdıqca anlayırdım ki, insan əslində yazdıqlarını yox, yaşadıqlarını arxivləşdirir. Hər əlyazma bir hissin izi, bir ömrün kölgəsidir.

O qənaətdəyəm ki, insan əslində heç nəyi yazmır, yaşayır… Sonra bir gün anlayır ki, içində daşıdığı o qədər xatirə, ağrı, sevinc artıq susmaq istəmir.

İntizardan qurtarmaq üçün deyim ki, bu hekayəyə başlamağıma səbəb saralmış köhnə bir məktub oldu.

Hər şey sevgidən başladı…

İnsan bəzən bütün ömrünü bir hissin içində yaşayır və xəbəri olmur. Mən bunu sonralar anladım. Bir baxışın insanın taleyini dəyişdirəcəyinə əvvəllər inanmırdım. Amma həyat elə bir gündə, elə bir anda qarşına birini çıxarır ki, sonra dünya əvvəlki dünya olmur.

Sevgi…

Bəzən bahar səhərinin şəfəqi kimi doğur insanın qəlbinə. Səssiz, hay-küysüz, amma bir dəfə qəlbinə girdimi artıq hər şeyi dəyişir. Küçələri dəyişir, mahnıları dəyişir, gecələri dəyişir.

Onu ilk dəfə görəndə içimdə qəribə alov yaranmışdı. Sanki yanar ocaqdan böyük bir kösövü götürüb udmuşdum.

Sevəndə insanın içində yeni bir dünya yaranırmış. Əvvəllər fikir vermədiyi yağışın səsi, küləyin nəfəsi,şəhərin hay-küyü belə, musiqi kimi gəlirmiş qulağına.

Amma sevginin gözəl olduğu qədər ağrılı tərəfi də var. İnsan ən çox sevdiyindən sınır. Çünki ürəyini qorxmadan yalnız ona açır. Və bir gün o ürəyi yaşadan nəfəs uzaqlaşanda, içində böyük bir səssizlik qalır.

(Hekayə bura qədər yaxşı gəldi, sonrası da Allah kərimdi)

Mən sevgini həm bahar kimi yaşadım, həm payız kimi… Həm gülüşündə itdim, həm yoxluğunda özümü axtardım. Amma nə olursa olsun, bir şeyi anladım: insan həqiqətən sevdiyi birini heç vaxt tam unutmur. Zaman sadəcə ağrıları azaldır.

İndi geriyə baxanda görürəm ki, ömrümün ən gözəl və ən yaralı tərəfi elə sevgi imiş…

 

                              ( Davamı olacaq)