Şakir Xanhüseynli - BU YAĞAN YAĞIŞ...
Sabir Rüstəmxanlıya
Heç kəsin, heç kəsin deyil bu yağış,
mənimdir, mənimdir bu yağan yağış.
Elə bil dil açıb deyir bu yağış:
qəlbinin yarasız harası qalmış...
Kim bilir nə zaman kim olacağam,
indidən canımı min qayğı almış.
Qürbətin qazancı qəm olacaqsa,
Vətənin bir ovuc qumuna alqış.
Araz qırağında o ağaca bax,
nə qədər nal səsi çəkib içinə,
bir xalqın naləsi çöküb içinə-
içinin oduyla yarpaqlayır o.
Qalxıb bir qayadan qıyya çəkimmi,
şair, qəlb deyənə bəzən baxmırıq.
Çaxıb şimşək kimi, ildırım kimi
niyə bu yağışdan əvvəl yağmırıq?