Sevinc Qərib -   ELƏ BİLDİ BİR OYUNDU...

Ədəbiyyat 16:55 / 31.08.2026 Baxış sayı: 720

 

Arzuları bitmiş qadın

üzü məzara dayanıb.

Öz ömründə itmiş qadın,

bəxtindən sonra oyanıb.

 

Ahını boğub içində,

səsi sükuta qarışıb.

Dərdi var neçə biçimdə,

qəmi kədərlə yarışır.

 

Ağrı gülür dodağında,

dən bitirir hörükləri.

Bu bağın eşq budağından

göz yaşıdı dərdikləri.

 

Ümidi donub gözündə,

əli güman ətəyində.

Başı fələyin dizində,

ömrü əcəl yedəyində.

 

Elə bildi bir oyundu,

dedi yenə dönər gələr.

Ruhunu çoxdan soyundu,

cismi nə vaxt ölər ölər...