Saqif Qaratorpaq - Qoy üzülsün,
Qoy üzülsün,
Qır bu ipi,
Kəndirini kəs bu sevdanın.
Mən sənə yaraşmadım,
Doğma bilmədin məni özünə.
Çox gecdi,
Təsəlli də gərək deyil mənə.
Köksümə dağ basaram,
Köz-köz alışaram,
Dərdimi özümə danısaram,
Susaram min il.
Söz-söz çiçəkləyərəm,
Ömrün payızında.
Könlümü həsrətə kökləyərəm,
Bir eşqin sazında.
Səsimi içimə qısaram,
Susaram...bir ömür.
Göz yaşımda yoğrularam,
Öz külümdən doğularam
Hər gün,hər saat.
Mən yaxşı bilirəm
Açısını təkliyin.
Sədası buludları kişnədər
Ürəyimdə səssizliyin.
Sükutum dağdan ağır,
Dəryadan dərin.
Son fitini eşitmədin
Sinəmdə batan gəmilərin.
Dalğası yanağımdan süzülər
Bağrımdakı dənizin,
Duzu əllərimə çıxar.
Naləsi ərşi yandırar
Qəlbimdəki neyin.
Nə deyim?!
Daha qucaq olmaz qolların.
Hara yozsan,
Üzü ayrılığadı yolların