Şahmar Əkbərzadə  - MƏRKƏZİ POÇTXANA

Ədəbiyyat 12:00 / 31.08.2026 Baxış sayı: 874

 

Mərkəzi poçtxana, əlac et yenə

Havayı düşməyib buraya yönüm.

Pənah gətirmişəm könlümü sənə,

Bir gör neyləyirsən gözünə dönüm.

 

Bu payız küsəcək məndən Qarabağ,

Yollarda qalacaq gözü yolların.

Payım budaqlardan özün asacaq,

Bağrı çatlayacaq gülöyşə narın.

 

Üstə dizin-dizin iməklədiyim

Torpağın könlünü nə təhər alım?

Anamdır, bəs ona nə təhər deyim,

Yanına gəlməyə yoxdur macalım.

 

Mənə kod göstər ki, zəng vura bilim

Dağların marala qalan çağına.

Pərişanlığımı çatdıra bilim,

Otların sarala qalan çağına.

 

Morze əlifbanı tanrı bilərəm,

Bu işi boynuna götürə bilsən.

Tamarzı könlümü bu saat, bu dəm

Bir acı yovşana yetirə bilsən.

 

Olarmı təcili teleqram verim,

Qönçə balaları solan güllərə.

Sovqat öpüşüm var, necə göndərim

Çörəkli çöllərə, barlı çöllərə?

 

Bir quşam mənimki gətirib belə,

Çıxmaz ürəyimdən Əppəkli dərə.

Həsrətim çatarmı görən poçt ilə

Qızıl kövşənlərdə bildirçinlərə?!

 

Mərkəzi poçtxana sifarişim var,

Amandır qoyma ki, gec eləsinlər!

Xəbər ver, cənuba köçən durnalar

Bu gecə qəlbimdə gecələsinlər.

 

İndeksi olmayan bu məktubları

Yalqız yuvalara çatdır bir təhər.

Həsrətim oranı isitsin barı

Sahibi qürbətdən gələnə qədər.

 

Payız sularının layla səsini

Anamın ətrini hardan alım bəs?

O yerə burnumun göynərtisini

Teleqraf telləri apara bilməz.

 

Mərkəzi poçtxana, əlac et yenə

Havayı düşməyib buraya yönüm.

Pənah gətirmişəm könlümü sənə,

Bir gör neyləyirsən gözünə dönüm!