Səhər Əhməd - Gözəlləşdirir
Kim deyib “bir güllə bahar olmaz”ı,
Bir naxış dünyanı gözəlləşdirir.
Bir duruş, bir gülüş, bir söz, bir cavab,
Bir baxış dünyanı gözəlləşdirir.
Kim qoydu qəlbləri odlar içində,
Ac qaldıq bu qədər dadlar içində,
Ruha məhbəs olan yadlar içində
Bir “tanış” dünyanı gözəlləşdirir.
Bəzən bir qış gəlir, bahar qoxuyan,
Bəzən zülmət olur, səhər qoxuyan,
Bəzən min doğruya meydan oxuyan,
Bir yanlış dünyanı gözəlləşdirir