Rafiq Yusifoğlu - ATA OCAĞINI AXTARIR GÖZÜM
Atamın xatirəsinə
Məni soraqlayan dosta, tanışa
Bir vaxt deyərdilər:
– O, evdə yoxdu.
Ürəyim az qalır dərddən alışa,
İndi xarabadı,
o ev də yoxdu…
Ata ocağını axtarır gözüm,
Havalı başıma dünya dar olub.
Dönüb dəf üzünə elə Dəf düzü –
Hər yan cilalanıb, haphamar olub.
Vecimə də deyil qorxunc minalar,
İçimdə bir dəli fırtına qopub.
Burda cərgələnən uca binalar
Göyəmi çəkilib, yerəmi hopub?
Arzular, istəklər qaldı yarıda,
Köhnə yaramızı təzələdilər.
Ata evimizin divarını da
Üyüdüb, üyüdüb toz elədilər…
Dərd mənə dünyanı dar eləyibdir,
Didərgin insanlar gör nələr çəkib?
O toz gözümüzü kor eləyibdir,
O toz ümidlərin üstünə çöküb…
Dörd yanı öpərək baxışlarımla,
Ötən gəncliyimi tapmaq istərəm.
O tozu yoğurub göz yaşlarımla
Xəyali bir koma yapmaq istərəm.
Yad ocaq qəlbimi çətin isidə,
Ruhuma güc verən haqqın səsidi.
Ata evimizin xərabəsi də
Necə əziz idi, müqəddəs idi…
Çatmır doğmalara daha ünümüz,
Bülbüllər yerində yarasa ötdü.
Evimiz toz oldu, xoşbəxt günümüz
Onun qanadında harasa getdi…
Zamanın cəhrəsi ömrü əyirdi,
Bircə dogma daxma,
bir oda yoxdu.
Bir vaxt xərabəmiz gəl-gəl deyirdi,
İndi göyə uçub,
heç o da yoxdu…
08.09.2023