Aida  Adıgözəl - Bu sarışını tanıyırsan, bilirəm

Ədəbiyyat 20:48 / 25.06.2026 Baxış sayı: 226

Bu sarışını tanıyırsan, bilirəm.

Payızdı da,

gülüşü yarpaqlardan başlıyır.

Onun dərdi küləklərlə,

yapışdımı saçlarına,

budaqları

qızıl-sarı xəzəl-xəzəl saçlıyır.

Tökülürlər ömür-ömür,

qırılırlar arzu-arzu,

quruyurlar ümid-ümid...

Bu qaranı tanıyırsan, bilirəm.

Əcəldi də,

gəlişi tabutlardan başlıyır.

Onun dərdi adamlarla,

bir girdimi ürəyinə

sıxıb-sıxıb ovucunda

son nəfəsi verənəcən

xışım-xışım xışlıyır.

Saralırlar saat-saat,

bozarıırlar bulud-bulud,

qabarırlar torpaq-torpaq...

İndi bildin ömrün sonu niyə payız fəslidi?

Yay ayının ortasında

içimizdən keçən soyuq

eşidirsən necə hırçın,

necə acı,

necə dəli səslidi?

Gülmə payız,

sən gülməyi bacarmırsan mənim kimi!

Gəlmə əcəl,

mən getməyi bacarmıram sənin kimi...

Pastinq

Qumar masasına dönüb ürəyim,

hər saat birinə uduzuram səni.

Lənət şeytana,

yenə də üç tuz...

Buraxıb getmək lazım,

oyunun bütün qaydalarına tüpürmək.

Əllərim oyun başlayandan

boş idi, "kozırsız"...

Bütün çobanyastığı ləçəklərini çəkdim,

sonuncu ümid şöləsinin kölgələrində.

Çiçəklərə də uduzdum,

hər yer - "On"suz, "On"suz, "On"suz...

**********

Səndədəmi yağır qırmızı yağış?

Səndədəmi əsir zəhərtək külək?

Səndədəmi çırpıb qırıb qoparıb,

könül pəncərəsin kor olmuş fələk?

Səndədəmi saçlar Məcnun sayağı,

evin tör-töküntü, süfrən bulaşıq?

Nə çıxa bilirsən qara düyündən,

sifətin sapsarı, fikrin dolaşıq...

Gözün torbalanıb, altı qapqara,

çayın zəhər kimi, qaynayıb qalıb.

"Evdəyəm" yazmısan qapı üstünə,

"birdən bağlı görər" qayğısı alıb.

Səndədəmi saat on iki tamamdı,

zaman orda durub, vaxt orda ölüb?

Düzün de, deyəndə, - "biz ayrılmışıq" ,

hansı dostlarınmış doyunca gülüb?

Sən allah de görüm, haralardasan?

Yollar alıb gedib, yaxın, iraqmı?

Tez-tez qapım döyür səndən qalanlar,

soruşur:- şəhərmi, kəndmi, qıraqmı?

Yenə yatmamışam bu gecəni də,

qəhvə dəmləmişəm qəhvə üstünə.

Bilirəm, arvadın səhər deyinib,

boğulduq viranda qoxu-tüstünə.

Dayan xatırlayım, nəyi unutdum,

görüm nəymiş qalan soruşmadığım.

Ehhh... hansı gün oldu inada durub,

səninlə nədəsə yarışmadığım.

Nə isə, hələlik, xoş saatlara,

günün aydın olsun, yolların işıq.

Məndəsə gecədir, oyanmamışam,

yuxuma girmisən, sarmaş-dolaşıq.