Ayaz Arabaçı - Ofisdən..
Bu ofis məsələsi bir az maraq kəsb eləyib, məsələ ciddiləşib.
Artıq buranı ciddi ofis kimi qəbul eləyib yanıma gələnlər olur.
Virtual olaraq tanıdığım xeyli dost-tanış gəlib məni burda axtarmağa başlayır.
Mənə isə əslində ofis-zad lazım deyil.Bura könlümün-gözümün tutan yeri oldu və burdan bir silsilə yazılar yazdım.
Çöldə,açıq havada yazmağın ləzzəti bir başqadır.Bu ofis söhbəti yadıma qədim bir hekayəni saldı
-Bir gün Süleyman peyğəmbər bir kolun altında uzanıb dincəlirmiş. Artıq bəlli bir yaş yaşamışdı..
Deyilənə görə 800 yaşı vardı.Xülasə,görür ki buludlar söhbət eləyir ki, bəs bir saata yağaq,yükümüzü boşaldaq.
Süleymanov peyğəmbər də ki, dünyada hər şeyin dilini bilir..
Ona görə də düşünür ki, bəs yağsa islanacaq.Əl atıb yan-yörəsindəki otlardan yolur və atır kolun başına. Adam özü üçün bir talvar düzəldir.Elə ki,işini bitirir,istəyir bir rahatca uzanıb təzə"malikanə"sinin dadını çıxarsın,bu dəmdə çiyninə bir əl qonur.Dönüb baxır:
-Qədeş, kimsən,nə istəyirsən?
Əlin sahibi deyir:
-Vaxt tamamdı,getməliyik,mən əzrayılam!
Süleyman dərin bir ah çəkib deyir:
-Bilsəydim ki,ömür bu qədər qısadır,heç zəhmət çəkib bu qədər otu yolub bu kolun başına yığmazdım..
Bu müdrik hekayə mənə çox mətləbləri anladır..
Biz ancaq ölümün başqalarının başına gələcəyi fikrinə inanırıq.
Ona görə də nəfsimizin cilovunu buraxırıq..Çalıb-çapırıq,talayırıq,tikan kimi dalayırıq.. Özümüz ölüm barədə düşünmək istəmirik…
Hər gün efirdən ölüm xəbərlərini izləyirik, küçədə cənazə maşını ilə rastlaşırıq, tanışlarından kiminsə dünyasını dəyişdiyini eşidir,yas yerlərinə dəyirik..Amma bütün bunlara baxmayaraq içimizdə bundan mənə yoxdu deyən bir hiss həmişə qalır.
Bəlkə də bu, qorxu deyil yaşamaq instinktidir. Əgər insan hər səhər ölümünü düşünərək oyansaydı, nə ev tikərdi, nə sevərdi, nə gələcək üçün plan qurardı. Ona görə də insan ölümnən arasında görünməz bir məsafə yaradır,o mənlik deyil,başqaları üçündür..
Əminəm ki,hamınız bu düşüncədəsiniz.
Amma həyat zalımdır, bu inamı qəfil sarsıdır. Bir qəza,gözlənilməz bir xəstəlik, hər şeyi yox eləyir..
Və onda biz başa düşürük ki,ölüm bir xəbər deyil, bir statistika deyil həyatın ayrılmaz hissəsidir. Sadəcə biz onu qəbul etməyi gecikdiririk.
Ölüm haqqında düşünmək bədbinlik deyil.
Ən qəribəsi odur ki, ölümün qaçılmaz olduğunu hamımız bilirik, amma yenə də yarımçıq qalan arzular qururuq, sabah üçün planlar cızırıq, insanlara bağlanırıq. Bəlkə də insanı insan edən elə budur sonumuzu bilə-bilə yaşamağa davam etmək, məsələ ölümü düşünməkdə deyil,məsələ ölümün varlığını anlayıb həyatı daha dərindən yaşaya bilməkdədi.. Çünki insan ömrünün dəyəri onun uzunluğunda deyil, yaşandığı anların həqiqiliyindədir.
Filosofluq eləmirəm,amma hər bitən günün sonunda özümüzə bir sual verməliyik:
Əgər bu gün son gün olsaydı, mən onu necə yaşayardım?
Və bir vərəqdə iki qrafa yer ayırıb birinin başına rəhmət, birinin də başına lənət yazın..
Narahat olmayın hər iki qrafanı məmnuniyyətlə dolduranlar tapılacaq..
Yaşamaq, sadəcə nəfəs almaq deyil,kiminsə haqqını basıb yemək deyil,tələ qurmaq,quyu qazmaq,böhtan atmaq,tərəzidə vurmaq deyil!
Yaşamaq bir gün gedəcəyini bilə-bilə, burada olduğun müddətdə həqiqətən var olmaqdır.
Necə ki,mən burdan-tavanı göylər olan bu ofisdən gedirəm..
Amma ürəyim burda qalır,sizinlə qalır..
Sizi sevməyə davam edirəm..