Sabunçudakı   170 nömrəli   tam orta məktəbdə  NƏ  BAŞ  VERİR

HÜQUQ 11:35 / 05.09.2026 Baxış sayı: 261

 

Redaksiyamıza  daxi  olmuş "ŞİKAYƏT MƏKTUBU"-nu heç bir  müdaxilə  etmədən , necə  deyərlər  nöqtə- vergülünə  toxunmadan  olduğu  kimi  təqdim edirik!

 

 

Azərbaycan Respublikasının  Təhsil naziri   cənab Emin Əmrullayevə

 

                                      Sabunçu rayonu, 170 nömrəli   tam orta məktəbin müəllimi

                                      Yaqubova Pərinisə Rəfail qızı

                                      tərəfindən

 

ŞİKAYƏT MƏKTUBU

 

Hörmətli Emin müəllim!

Məlumat üçün bildirirəm ki, mən, Yaqubova Pərinisə Rəfail qızı, 1997-ci ildən Bakı şəhəri 170 nömrəli tam orta məktəbdə müəllim işləyirəm. Artıq 30 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam. Bu müddət ərzində öz vəzifə borclarımı vicdanla və məsuliyyətlə yerinə yetirmiş, hər hansı qanun pozuntusuna və ciddi intizam qüsuruna yol verməmişəm.

Lakin son dövrlərdə məktəbdə mənə qarşı münasibətdən ciddi narahatlıq keçirirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, sertifikasiya imtahanında bir çox müəllim və müəllimələrdən daha yüksək nəticə göstərməyimə baxmayaraq, dərs bölgüsü zamanı mənə az dərs saatı verilir. Bununla yanaşı, məktəb rəhbərliyi tərəfindən işdən azad olunmağım barədə hədələyici ifadələrin səsləndirilməsi məndə ciddi narahatlıq yaradır. Telefon nömrəmi kimlərəsə verməklə, başıma oyun açmaqla hədələyir.

Məktəb direktoru Ülviyyə    Salam qızı Aslanova   müəllimlərin haqlı irad və müraciətlərinə münasibəti də təəssüf doğurur. “Hara istəyirsiniz, şikayət edin” kimi ifadələrin səsləndirilməsi müəllimlərin problemlərinin obyektiv şəkildə araşdırılmasına deyil, əksinə, onların narahatlıqlarının diqqətdən kənarda qalmasına səbəb olur.

Mən heç bir müəllimin iş yerinə və çörəyinə göz dikmirəm. Heç kimin işdən çıxarılmasını da tələb etmirəm. Mənim istəyim və tələbim yalnız bundan ibarətdir ki, dərs bölgüsü zamanı bütün müəllimlərə obyektiv və ədalətli münasibət göstərilsin, hər bir müəllimin əmək stajı, təcrübəsi, peşəkarlığı və sertifikasiya nəticələri nəzərə alınsın.

Bununla yanaşı, ailə vəziyyətimin də qeyd olunmasını vacib hesab edirəm. Həyat yoldaşım Birinci Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır. Oğullarımın biri Aprel döyüşlərində, digəri isə 44 günlük Vətən müharibəsində iştirak edib. Mən bütün bunları kimdənsə üstün olduğumu göstərmək üçün demirəm. Sadəcə, Vətən qarşısında öz borcunu yerinə yetirmiş bir ailənin üzvü və iki övladını Vətən müdafiəsinə göndərmiş bir ana kimi mənə qarşı göstərilən münasibətin ədalətli olmasını istəyirəm.

Mən uzun illər ərzində öz əməyim və müəllimlik fəaliyyətimlə bu məktəbə xidmət etmişəm. İstəyim çox sadədir: əməyi­min, təcrübəmin və peşəkar fəaliyyətimin obyektiv şəkildə qiymətləndirilməsi və digər müəllimlərlə bərabər, ayrı-seçkisiz münasibət göstərilməsi.

Hörmətli Emin müəllim, Sizdən bir müəllim kimi, eyni zamanda Vətənin dar günündə onun müdafiəsinə iki oğul göndərmiş bir ana kimi müraciətimin şəxsi nəzarətinizə götürülməsini, məsələnin obyektiv araşdırılmasını və hüquqlarımın təmin olunmasına köməklik göstərməyinizi xahiş edirəm.

Ümid edirəm ki, müraciətimə həssaslıqla yanaşılacaq və yaranmış vəziyyət ədalətli şəkildə həll olunacaq.

 

Hörmətlə,

Yaqubova Pərinisə Rəfail qızı

Redaksiyadan: -  Qarşı  tərəfin də   məsələyə  münasibətini   təqdim edə  bilərik.