Şakir Xanhüseynli - Köhnə təzələrdən....2-si

Ədəbiyyat 11:11 / 05.07.2026 Baxış sayı: 381

 

***

Bir sözün altında qalıb əzildim,

batsaydı nə vardı ələ tikanın;

Səni min çiçəkdən birisi sanıb

dərdim, ürəyimdə hələ tikanın...

Bir kərə başına gəlir hər kəsin;

sevgi də, ölüm də qaçılmaz olur...

Baxsan, göz yaşları dumduru sudu,

içilməz, işıq da salmaz ki, o nur...

O od ki isitmir, onu at suya,

bir ad ki dilinin ucunda yara...

Əgər məhəbbətin vüsalı yoxsa,

pambığa bükülü həsrəti var a...

***

Gül titrəyənsayaq sözlər dilində,

necə narahatsan, kədərin

dərin...

Dəmir qızardılır sanki belində,

su dolu qab kimi daşır gözlərin...

Uzaqda deyilsən qarğaşalardan,

yolun, boğazına dolanan bir ip...

Səninçün çətindi qurtarmaq dardan,

ağrı, ürəyinə oturubdu kip...

Canın zərər görür yaxşılığından,

işığı olan var zülmətdən betər...

Zərrin şəfəqiylə yaxşılığın dan,

bitib-tükənməyir, fəqət, gecələr.