Əşrəf Veysəlli - KÜR YOLU, ARAZ YOLU

Ədəbiyyat 09:50 / 21.05.2026 Baxış sayı: 396

 

Axşam üstü, birdən birə

işıq yağdı Kürdən Kürə.

Sanki səma endi yerə,

sanki yerlər səmalandı.

 

Dodağımda neçə bəstə,

durub çıxdım yollar üstə.

Naz yeridi dəstə- dəstə,

ana torpaq xınalandı.

Qıvrım tellər çadır - çadır,

kölgəsində maral yatır.

 

Qara qaşlar ayparadır,

Qara gözlər canalandı.

Gəzmədiyim hara qaldı,

Sükutumda haray qaldı.

 

Bəsdir qızlar subay qaldl,

bəsdir qızlar sonalandı.

Üzündə qəm vardı yarın,

içindəydim odun, qarın.

Bir yel əsdi narın- narın,

şəvə tellər şanalandı.

Bir də gördüm Arazdayam,

o kədərli avazdayam.

Dedim Araz, bir az dayan,

ulduz- ulduz o da yandı.

Nə axtarır gözüm orda,

Haçan gedib gəzim orda?

Təbim orda, rizim orda,-

Bir söz dedim, hecalandı.

Görüşümüz yalan oldu,

o “ qal oğlu qalan” oldu.

Yollar dönüb ilan oldu.

ilan dili haçalandı.

 

Gözlərimdə Vətən dərdi,

Fatma nənəm məni gördü.

Hicran üstdən körpü hördü,

o tay, bu tay hanalandı.

 

A vüqarlı, mətin dağlar,

a yolları çətin dağlar,

üstü qarlı bütün dağlar

elə buldim SAVALANDI.

1969- cu il