Orada bir ev var -Rəfail Tağızadə
Bir ev vardı o yerlərdə,
bizi bizə xatırladacaq bir ev.
Bizi ötürən,
itirən,
sonda gözləyən
ev.
Yola bax, yola,
qoşulub çığıra;
təpələrin döşüylə çıxıb gedir uzaqlara.
Bizi bizdən qoparıb,
bizi bizə aparan yol,
apar bizi o yerlərə...
O yer − dağımdı mənim,
O yer − göz dağımdı mənim.
Yollarım qırma-qırma,
saçlarım burma-burma.
Düşdüyüm gün, bu nə gündü?
Yollarım düyün-düyündü.
Boğulur düyündə, boğulur yollar,
bir addım iziylə, yolçu gözüylə
təzədən, təzədən doğulur yollar.
İzlərsiz yox olur, üzülür yollar.
Təpədən baxanda
o dərədə,
qapısı çərçivəsiz,
pəncərəsi şüşəsiz
evlər var yox olan kəndin içində.
Ruhları bir biçimdə.