Şakir Xanhüseyn : - YIXIN, YIXIN...

yıxın bu adamların evini başına, yıxın,
qoy açıqda qalsın körpələri,
yağış, qar altında qalsın,
o körpələr ki, sabah sizin vətəninizi
qoruyacaq düşməndən,
sərvətinizi qoruyacaq,
o körpələr ki, böyüyüb əli tüfəng tutan olacaq,
tüfəngi yerə qoyub əlinə çomaq götürəcək
sizin qoyunları otarmağa,
o körpələr ki, onları qapınızda qul kimi işlədəcəksiniz!
yıxın şəhid qardaşlarının, əmilərinin, dayılarının evlərini,
çünki sizinçün saray tikən onlardı,
bu vətənin "yağlı yerlərinə" sizin ağzınızı çatdıran onlardı, onlar--
şəhid qardaşları, şəhid əmiləri, dayıları...
yıxın, yıxın evimizi, uçurun başımıza evlərimizi,
"tikin ağzımızı",
qara yazın yazımızı,
kəsin çörəyimizi, suyumuzu,
vaya döndərin toyumuzu!..
yıxın üstümüzə damımızı, yıxın,
aşağılayın, adam yerinə qoymayın bizi,
alın əlimizdəkini dalımıza bir təpik vurun,
sonra ardımızca baxıb gülün, çəpik çalın!
yıxın, yıxın tifaqımızı, ittifaqınız yıxılsın,
birliyiniz dağılsın
diriliyimizi əlimizdən alan yerdə!