Şakir  Xanhüseyinli - UCUZLUQDU CAN BAZARI

Ədəbiyyat 09:36 / 21.11.2026 Baxış sayı: 857

 

Nə gözəl uçurumdu bu,

uçuram bu uçurumda...

Uçurumdan düşmürəm ki,

elə özüm uçuram da...

 

Ey göz yaşı uçurumum,

qoynunda yelkən açmışam-

Arzularımın ardınca

mən də bu sayaq uçmuşam...

 

Ucuzluqdu can bazarı,

bax, can canı ucuz tutur...

Kiminsə yeri boş qalır;

ən dərin uçurum budur...

Nə deyim ki, belə hala,

dağılıb-uçmağım gəlmir;

Durub bir uçurum üstə

heç qanad açmağım gəlmir...

Amma hər an uçuram mən,

qanadsızlığıma inad;

Uçuram bir uçurumdan,

uçuram, ey dadi-bidad...

Bu uçmağın iki başı-

kimsə evmi uçuracaq;

Məni atıb uçurumdan

elə bilir uçuracaq...

Bəzən olur bir uçmaqdan

qorxunc uçurum yaranır;

Uçurum uçmaqla imiş,

yoxmuş bunun başqa yanı...

Bir uçmaqda qanad, səma,

bir uçmaqsa tamam ayrı;

Bəzən gözləmirsən, amma

uçur bir ümid divarı...

Mənim dərin uçurumum,

uçuram, sənə uçuram;

Asta-asta, aram-aram,

qanadsız da nə uçuram!..