Firidun Agazadə -

Sənin  məni hələ də sevdiyinə

Ədəbiyyat 20:08 / 21.11.2026 Baxış sayı: 628

Sənin

məni hələ də sevdiyinə

əsaslı şübhələr var...

Dünən kitab təqdimatında

adım çəkiləndə diksinmisən,

rəfiqən soruşanda

fikir bildirməkdən çəkinmisən.

“Yaxşı tanımıram,

deyirlər, yaxşı tərcüməçidir...

üç-dörd şeirini də oxumuşdum arada...

yox, elə yaxından tanımıram,

heç bilmirəm, yoluma çıxdı harada,

intəhası

gözəl bir sevgi yaşadıq arada...

yox, o hara, mən hara?

o sıravi şairdir

ədəbiyyatın böyür-başında.

bizimki(lər) – Füzuli yaşında, Homer yaşında.

mənə Sultan Süleyman aşiqliyi gərək,

o bir sıravi aşiq...

boş verin, əşşi...

yəni “dramatikləşdirməyin...”

yox, sözüm yox, sevə bilir,

çox həssas biri –

odur ki, öz dərdimi də yüklədim ona –

güclüdür, çəkə bilir...

yox, yaxından tanımıram,

məşhur biri deyil ki...”.

Bax, bu yerdə,

Füzuli demişkən “qan tökür çeşmim”,

qoy bilməsin heç kim!

sən 2010-cu ildən qalan kəsirim,

yazdım ki, qalmasın sirrim.