Adilə Nəzər - AXŞAM OLDU

Ədəbiyyat 09:31 / 21.11.2026 Baxış sayı: 903

 

Axşam oldu, ömrümüzdən

Quş kimi bir gün uçdu.

Həyat bir növ əvvəlinə

Qayıdan bir sonucdur.

 

Hər şey unudulub gedir,

Yerində yellər əsir.

Ürəyim, qoru özünü,

Zaman qılıncdır, kəsir.

 

Heyfin gəlsin yanağına

Vermə bu qədər selə.

Gülüş qondur dodağına

Özünü xoşbəxt elə.

Kimdir səni sənin kimi

Bilib, ürəkdən yanan.

Arzuladığın o kimsə,

O nəysə dəyməz, inan.

Gülümsə, gözüm çiçəyi,

Gülümsəmək savabdır.

Hərdən danış, hərdən dinlə,

Həyat sual-cavabdır.

Axşam oldu, ömrümüzdən

Quş kimi bir gün uçdu.

Həyat bir növ əvvəlinə

Qayıdan bir sonucdur.