Bəhram Bilaloğlu - Ömür verilən deyil, yaşandıqca mənası açılan bir əmanətdir.
Həyat bəzən insana yaşamağı öyrətmək üçün onu sözün bitdiyi, düşüncənin susduğu, iradənin isə özünü sübut etməli olduğu məqamlara gətirib çıxarır. Elə sınaqlar var ki, insan onları yaşayarkən nə baş verdiyini tam anlamır. Yalnız zaman keçdikdən, hadisələrin tozu-torpağı çəkildikdən sonra anlayır ki, əslində, həmin günlər onun ömründən bir parça deyil, xarakterindən bir səhifə imiş.
İnsan dünyaya gələndə ona bütöv bir ömür verildiyini düşünür. Halbuki ömür verilən deyil, yaşandıqca mənası açılan bir əmanətdir. Hər kəs bu əmanəti öz düşüncəsi, əməlləri, münasibətləri və seçimləri ilə doldurur. Kimi ömrünü insanların yaddaşında qalmağa sərf edir, kimi bir tikə çörəyin halalına, kimi də başqasının haqqını qorumağa. Ancaq həyatın qəribə bir tərəfi var: insanın özünü tanıdığı anlar çox vaxt ən rahat günlərinə deyil, ən ağır sınaqlarına təsadüf edir.
Bəzən həyat mürəkkəbini elə süzür ki, yazılacaq həqiqətlərin qarşısında qələm tutan əllər deyil, həmin həqiqətləri daşımağa gücü çatan ürəklər axtarılır. Çünki hər hadisənin şahidi olmaq başqa, onun mənəvi məsuliyyətini daşımaq başqadır. Hər kəs danışa bilər, amma hər danışan həqiqəti ifadə edə bilməz. Hər kəs hökm verə bilər, amma hər hökm verən ədalətin nə olduğunu dərk etməz.
Həyatın ən ağır dərslərindən biri də insanın insanı tanımasıdır. Xüsusilə, ehtiyac duyduğun, yolunun çətinləşdiyi, bir xoş sözə, kiçik bir dəstəyə möhtac olduğun zaman. Onda görürsən ki, illərlə yaxın bildiyin adamların bəziləri məsafəni qorumağı, yad hesab etdiklərin isə yaxınlaşmağı bacarır. Bir vaxtlar sənin sevincinə şərik olanların çətinliyinə susması, bəzən də bu çətinliyi öz üstünlüklərinə çevirməsi insanı münasibətlərin mahiyyəti üzərində yenidən düşünməyə vadar edir.
Ancaq burada bir həqiqət var: insan başqalarının davranışına görə öz mənəviyyatını dəyişməməlidir. Çünki kiminsə haqsızlığına cavab olaraq haqsızlığa əl atmaq, qaranlığa qarşı öz işığını söndürməkdir. Əsl böyüklük səni incidənin səviyyəsinə enmədən öz dəyərini qorumağı bacarmaqdır. Bu, zəiflik deyil, daxili hakimiyyətin ən ali formalarından biridir.
Bəzən insanın qarşısına çıxan maneələr onun yolunu bağlamaq üçün deyil, yolun hansı istiqamətə getdiyini göstərmək üçün bir işarəyə çevrilir. Hər qapının bağlanması məhrumiyyət deyil, hər açılan qapı da nemət sayılmaz. Çünki insanın istədiyi ilə onun üçün xeyirli olan hər zaman üst-üstə düşmür. Bunu anlamaq üçün bəzən illər, bəzən də bircə hadisə kifayət edir.
Cəmiyyətin ən böyük problemlərindən biri də insanın qiymətini onun vəzifəsi, imkanı, ətrafı və sahib olduğu maddi sərvətlə ölçməsidir. Halbuki insanın həqiqi dəyəri əlində olanlarla deyil, əlində olanları necə istifadə etməsi ilə müəyyənləşir. Birinin imkanları çox ola bilər, amma mərhəməti azdır. Digərinin cibində heç nə olmaya bilər, amma ürəyində bir dünyanı doyuracaq qədər insanlıq yaşayar. Deməli, zənginlik yalnız sahib olduqlarımızın miqdarı deyil, bölüşə bildiklərimizin mənəvi ölçüsüdür.
İnsan bəzən özünü sübut etmək üçün çox danışır. Halbuki zamanın qarşısında ən möhkəm ifadə sözdən daha çox əməldir. Söz insanın niyyətini açıqlaya bilər, əməl isə onun kimliyini təsdiqləyər. Buna görə də mənəviyyatın tərəzisi insanların alqışları ilə deyil, vicdanın hökmü ilə ölçülməlidir. Çünki alqışın da, tənqidin də ömrü var, amma vicdanın insan qarşısında açdığı hesab ömrün sonuna qədər davam edir.
Bir gün hər kəs öz həyatının yazdığı səhifələri vərəqləyəcək. Kimisi orada başqalarının qəlbini qırdığı anları, kimisi bir yetimin başına çəkdiyi əli, kimisi də haqqı tapdanan bir insanın yanında susduğu günü görəcək. Həmin vaxt nə şöhrət, nə vəzifə, nə də maddi imkan insanın daxilindəki suallara cavab verə biləcək. Çünki həyatın son mühakiməsi insanların qurduğu tribunada deyil, insanın öz vicdanı ilə üz-üzə qaldığı yerdə başlayır.
Bəlkə də, buna görə insan ömrünün hər gününü bir yazı, hər hadisəsini bir cümlə, hər sınağını bir nöqtə kimi qəbul etməlidir. Çünki nöqtə bəzən bir fikrin sonu deyil, yeni bir həqiqətin başlanğıcıdır. Əsas məsələ həyatın hansı mürəkkəblə yazması deyil, insanın həmin mürəkkəbin içindən hansı mənəvi rənglə çıxmasıdır.
Axı həyat hər kəsə yazmaq üçün bir ömür verir, amma hər kəsə yazdıqlarının arxasında dayanmaq cəsarəti vermir.
Böyük insan olmaq üçün böyük sözlər söyləmək lazım deyil. Bəzən bir haqqı qorumaq, bir könlü incitməmək, bir haqsızlığın qarşısında susmamaq insanın bütöv ömründən daha dəyərli bir imza qoyur.
Və nəhayət, insan unutmamalıdır ki, həyatın yazdığı sətirlərdə adımızın görünməsi bizim böyüklüyümüzün meyarı deyil; o sətirlərin içində başqalarının haqqının, duasının və göz yaşının olmaması əsl böyüklüyümüzdür.