Əlizadı Nuri - Bənövşə görəndə boynumu burdum

Ədəbiyyat 19:28 / 20.11.2026 Baxış sayı: 434

 

Yeddi min xalıya çatar ilməsi,

Ancaq göy qurşağı yeddi rəng imiş.

Min ildi şeytanı daşlayırıq biz

Ay aman,bu şeytan nə nəhəng imiş?

Bir qələm hönkürür varaq başında...

Pərvanə yurd salıb çıraq başında.

Bir gün çıxıb getdin bulaq başından

Səndən xatirə də o səhəng imiş.

Paltar da üşüyər çölün qarında,

Əyri yozularmış düz ilqarın da.

...Öpür bir-birini dodaqların da-

Sənin dodağın da həmahəng imiş.

Sən məndə tapıldın, mən səndə itdim,

Duz basdın yarama, yoxsa ki şitdi?

Bu gecə yuxuda bir səs eşitdim

Bəlkə göy üzündən gələn zəng imiş?

Gördüm yer qurtarır, yerimdə durdum,

Bənövşə görəndə boynumu burdum.

Bu gün ürəyimi göyə uçurdum-

Dünyada nə varsa, çərpələng imiş...