Əlizadə Nuri - Tik
Tap itkin əzaları, tapa bilsən canı tik,
Bu xaraba dünyada bir eşq xanimanı tik.
Günəş də girə bilmir, yerin altı üşüyür-
Hər məzarın əyninə bir isti insanı tik.
Düz danışdım, du Divan vurdu mən divanəni
Ya Divana divan tut, ya bu dil- lisanı tik.
Qaçır öz çadırından qara könül adamlar-
Adamların üstünə mübarək imzanı tik...
Hara baxsan bazardı, sevənlərin yeri yox,
Bir yerə yığ onları, bir sevgi ünvanı tik.
Neçə sevda üşüyür ayrılıq çöllərində,
O Məcnunun baxtına çağır o Leylanı tik.
İlahi, Əlizadənin göylərdə gözü varmış-
Göy üzünün canına apar bu heyranı tik..