Rafiq Yusifoglu - Yer yoxdu el arasında

Ədəbiyyat 12:17 / 17.08.2026 Baxış sayı: 310

***

Yer yoxdu el arasında

El üzünə ağ olana.

Tülkülük etmək yaraşmaz

İnsan kimi doğulana.

 

Boğdular çox istəyimi,

Bu sitəmlər bəs deyilmi?

Dünya bir məhbəs deyilmi

Ürəyi dustaq olana?

 

Bulanıq sular durular,

Nə vaxtsa məhşər qurular,

Nə qədər balta vurular,

Aman Allah, yıxılana?

 

Köksümdə dərd adası var,

Hər işin bir qaydası var,

Sarayın nə faydası var

Könül mülkü dağılana?

 

Son kəlməni göy deyəcək,

Yaram çoxmu göynəyəcək?

Axı məlhəm neyləyəcək

Sinəsində dağ olana?

 

Bir çiçək varmı solmayan?

Halal bir eşqə ol maya!

Qəlbində iman olmayan

Adam çətin ağıllana…

31.07.2023.