Firidun Agazadə - Dərd

Ədəbiyyat 11:14 / 17.08.2026 Baxış sayı: 278

 

“Elə bil sənətkar hər şeydən əvvəl

Ürək ağrısına abunəçidir” - Məmməd Araz

 

 

Dərd elə bil mənim qardaşım oğludur,

Qaça-qaça gəlir qabağıma,

Yüyürə-yüyürə çıxır qarşıma.

Atılır üstümə, üzümdən öpür,

Saçımı dağıdır, gözümdən öpür.

Bir şirin, bir isti sözümdən ötrü

Asılır qolumdan, çıxır çiynimə

Girir qucağıma, qoynuma,

Minir boynuma...

Bu dərdi boynuma mən çıxartdım, mən

Bu dərdi boynuma mən mindirdim, mən,

O qədər mehriban dindirdim onu,

O qədər üz göstərdim, –

İndi boynumdan düşmür.

Qardaşım oğlu El-man!

Har-da-san!?

Sən uşaqlıqda boynuma çox minirdin,

Gəl çıx,

Bəlkə, bu dərd düşə mənim boynumdan.