Qızılcaya görə məktəblər bağlanacaq? - Nazirdən AÇIQLAMA

Gündəm 18:02 / 30.11.2023 Baxış sayı: 2081

Məktəblərdə qızılca virusunun yayılmasını müşahidə edirik.

Yenises.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, qızılca virusuna yoluxanları sayı elə də çox deyil.

"Məktəblərdən gələn iddialar var. Məktəb rəhbərliyi, müəllim diaqnoz qoya bilməz. Hər hansı simptomlar varsa, tibb məntəqəsində yoxlanışdan keçmək vacibdir. Bəzi məktəblərdə əsası olmadan qızılca virusu ilə bağlı iddialar olur. Ayrı-ayrı məktəblərdə ciddi rəqəmlər iddia edilir. Yaxın günlərdə Səhiyyə Nazirliyi ilə birgə addımlar atacağıq.

Bu istiqamətdə peyvəndlənmə vacibdir. Peyvənd olmadığı təqdirdə yoluxma arta bilər. Bu yoxdursa, məktəbdən və ya digər qurumdan nəsə gözləmək olmaz. Peyvənd valideynin məsuliyyətidir. Hər bir peyvəndin öz vurulma yaşı var", - deyə nazir əlavə edib.

"Məktəblərdə hər hansı qapanma planlaşdırılmır. Növbəti günlərdə analizlərin nəticəsinə uyğun olaraq, hər hansı təhlükəli yerlər olarsa, hansı sinif və ya məktəbi 1 və ya 2 həftəlik distant təhsilə keçirə bilərik", - nazir vurğulayıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev, Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.