Qəşəm İsabəyli : - SANUZEL

Ədəbiyyat 16:54 / 21.02.2024 Baxış sayı: 1654

 

(hekayə)

Tələbəlik illəriydi, gərək ki, ya Tallin şəhəriydi, ya da Riqa, unutmuşam, coğrafi təcrübəyə getmişdik. Bir gün də hamama dəymək fikrinə düşdük. Soraq-soraq axtarıb tapdıq. Tünd sarı, birmərtəbəli binanın qapısından içəri girəndə gözlərimiz bərələ qaldı – 3-4 nəfər lüt kişi kassada oturan qadınla şirin-şirin söhbət eləyirdilər. Nə qadın bu lüt kişilərin fərqindəydi, nə kişilər bu paltarlı qadının. Guya belə də olmalıymış. Bu günün özündə belə həmin səhnə gözümün qabağına gələndə, qəribə hisslər keçirdirəm.

İndi, baxıram ki, bizi də – Şərq ölkəsinin vətəndaşlarını da daş dövründən qalma bu səhnəyə sürükləyirlər. Demə, sivilizasiyanın geri dönüşü də varmış.

O günü özəl bir klinikaya getmişdim. Mən də rəhmətlik nənəm kimi sofuyam axı, yəni dəqiqəbaşı əlimi yumasam, rahat olmaram. Odur ki, sanuzelə dəymək istədim. Axır ki, axtarıb tapdım. Gördüm iki qapıdı yan-yana, az qala ikisinin də üstünə qadına oxşar fotolar yapışdırılıb. Telefonu qoydum qulağıma ki, guya danışıram. Gəzə-gəzə gözləyirdim görüm hansından kişi çıxacaq. Daşa dönmüş qapıların biri də açılmadı. Ordan uzaqlaşıb, bir kənara çəkildim. Baxdım – ətrafda qadından başqa ins-cins gözümə dəymədi. Gəl ki, hamısı da cavan. Utanmaq hissini itirmiş bir qarı tapmadım ki, dərdimi deyim. Bunlardan da üzüm gəlmədi soruşum. Axır ki, başladım kəşfiyyata. İki kişini bir otağın qapısı ağzında bir-birinin sözünü kəsə-kəsə bərk-bərk danışan gördüm. Başa düşdüm ki, kənd adamlarıdı. Elə bilirlər malı örüşə sürüb, arxın qırağında dayanıb, qazaxlılar demişkən gaplaşırlar. Bir az gözlədim... gördüm yo-yox, söhbətləri uzun çəkəcək, nəzakət-filan gözləməyin yeri deyil:

–Bağışlayın, burda işləyirsiniz?

Ucaboy kişi mənə tərəf çevrildi:

–Xeyr, xəstəyik.

–Sanuzelin yerini deməzsiniz ki?

Kişilər əvvəlcə bir-birinin üzünə baxdı, sonra da mənə:

–Sanuzel nədi?!...

–Üzr istəyirəm... su başı – tualet.

–Həəə... belə denən da.

Bəstəboy başladı izah eləməyə. Sözü ağzında qaldı.

–Nədi, prostatdı?! – Ucaboy tələsik soruşdu.

–Bəli.

–Nədi, konserdi?

–Xeyr, adenomadı.

–Mənimki adenomadan keçib.

–Necə?

–Məndə, həkim deyir, konserdi.

–Adenoma kanser olmur axı. Bəlkə aldadırlar sizi. İndi xəstəni tora salıb əməliyyata çəkmək adət olub. Başqa yerlərə də dəyin.

–3 yerdə yoxlatdırmışam.

–PSA neçədi?

–100.

Təbii ki, həddindən artıq yüksək idi. Amma təəccüb elədiyimi bildirmədim ki, narahat olar.

–Müalicə elətdirin.

–Siz necə müalicə elətdirirsiniz? – Soruşdu.

–Spirtli içkilərdən uzaq olun, əti də nadir hallarda yeyin, təbii qidalara üstünlük verin.

–Gərək mən də quş əti, balıq əti yeyəm indən belə.

–Quşdan, balıqdan da vacib, çalışın təbii qidalar olsun süfrənizdə.

–Məsələn?!

–Paxlalı bitkilər, tərəvəz, alma-armud... bir sözlə torpağın yetirdiyi məhsullar.

Xudahafizləşib ayrıldıq.

Sanuzeli axtarıb tapdım. Baxdım ki, elə bayaqkı qapılardı, az qala üstündəki şəkilləri də bir-birinin bənzəri. Elə bil foto-şəkilləri qəsdən eyniləşdiriblər ki, utanıb-eləmək getsin işinə – qadınlı-kişili qarışaq bir-birimizə.

Müxalifət də bu yandan hakimiyyəti qınayır ki, Türkmənistan olub qalmışıq, Avropalaşmırıq.

Buyur, bu da sənə Avropalaşmaq!

Bu fikirləri başımda götür-qoy elədiyim yerdə qapıların biri açıldı – top qarasaqqal bir kişi çıxdı. Şalvarının qısa ətəyinə baxanda, bildim vəhabidi, bunlar nəyi səhv salsalar da, sanuzelin qapılarını səhv salmazlar.

Cəsarətlə qabağa addımladım.

05.12.2023 -16.02.2024