"Paşinyan aradan götürülərsə.., nə baş verəcək?.."  

YAZARLAR 21:41 / 19.11.2023 Baxış sayı: 1154

"Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir..."

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin dövlət çevrilişinə hazırlıq görən bir dəstənin ifşa edilməsi ilə dünən yaydığı məlumatı iki aspektdə təhlil etmək olar. Birincisi, yazılanlar həqiqətdir, Ermənistanda hakimiyyət uğrunda son üç ildə gedən mübarizə əsasən yumşaq gücə hesablanmışdı, amma nəticə vermədi. Ona görə də, “Severnıy listopad” adlanan əməliyyatla Paşinyan hakimiyyətini devirmək məqsədilə kütləvi dağıntı, iğtişaş, vətəndaşlarda təlaş və qorxu yaratmaq, siyasi və mülki qətllər törətmək, dövlət idarələrinə basqın və nəhayət, hakimiyyətin oturduğu binanı ələ keçirib xalqa müraciət ünvanlamaq planlaşdırılıb.  İki ay əvvəl Ermənistan Baş nazirinin mühafizə xidmətinin rəisi vəzifəsindən kənarlaşdırıldı. Hesab edirəm ki, bu sıradan bir vəzifə dəyişikliyi deyildi və Qərb kəşfiyyatının öncədən verdiyi məlumat əsasında baş verdi. Burada hədəfin, təbii ki, Paşinyan olduğu şübhə yaratmırdı. Fiziki cəhətdən onun məhv edilməsinə şərait yaradılması daha asan variant ola bilərdi, nəinki “ Severnıy listopad” əməliyyatı... 

 

Paşinyan hakimiyyətinin Rusiyanı qane etmədiyi, son aylar isə tam qıcıqlandırdığı açıq görünür. Rusiya Ermənistanda bu günədək hakimiyyət dəyişikliyinə rahat nail olub. İlk prezident Ter-Petrosyanın Yeltsin tərəfindən Rublyovkada aparılan bir söhbətlə istefaya göndərilməsi, 1999-cu il 27 oktyabrda Rusiyanın adamı Koçaryana mane olan parlament sədri Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyanın Rostovdan göndərilən erməni qatil tərəfdən öldürülməsi, 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən 8 nəfərin öldürülməsi kimi hadisələr birbaşa Rusiya ilə əlaqələndirilib. Son əməliyyatın  "Severnıy listopad”- “Şimal xəzanı” adlandırılması və həbs olunanların mənzillərində RF -yə mənsib olan çoxsaylı və hələ işlədilməmiş telefon kartlarının aşkarlanması, planlaşdırılan çevrilişin ünvanını məhz şimala - Rusiyaya yönəltməyə imkan verir. Konkret olaraq Rusiyanın adının çəkilməməsi isə iki dövlət arasında olan gərginliyin pik həddinə çatması deməkdir və rəsmi İrəvan Kremlin qəzəbindən yayınmaq istəyir...

 

Paşinyan Avropa Parlamentində çıxışı zamanı da Rusiyanın adını çəkmədən “ən yaxın təhlükəsizlik müttəfiqinin hakimiyyət çevrilişi “ hazırlaşdığını xüsusi qeyd etmişdi.  Hər iki tərəf çılpaqlığı ilə danışmasa da, həqiqət hər iki dövlətə məlumdur. 

Hazırlanan əməliyyatın xarakterik xüsusiyyətləri göstərir ki, bu sadə bir qruplaşmanın planladığı əməliyyat deyil, peşəkarcasına hazırlanmış standart çevriliş planıdır və adətən bu tip planlar xüsusi xidmət orqanları tərəfindən hazırlanır və həyata keçirilir. Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir...

İkinci aspekt isə verilən məlumatın dezinformasiya olmasının mümkünlüyüdür. Ermənistan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək, ən əsası isə Qərbə sübut etmək istəyir ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədir və məqsədi baş tutarsa, Qərbin Ermənistan və bütövlükdə Cənubi Qafqaz siyasəti iflasa uğrayacaq. Bununla da özünün fiziki təhlükəsizliyi və hakimiyyətinin qorunması üçün bütün imkanların səfərbər edilməsini Qərbə xatırladır. Guya ifşa edilən çevriliş planını isə fakt olaraq Qərb qarşısında qoymuş olur. Verilən informasiyada şübhəli bilinən məqamlardan biri konkret adların verilməməsi, yalnız baş həriflərin göstərilməsidir. Eyni zamanda əməliyyatın “Şimal xəzanı” adlandırılması şübhə yaradır ki, əgər burada Rusiyanın əli varsa, açıq şəkildə özünü istinad verən bir addan istifadə etməz, çünki adətən peşəkarlar şərti adlardan, ləqəblərdən, uydurulmuş əfsanələrdən istifadə edərkən maksimum çalışılır ki, bu adlar real mənbəyə birbaşa və dolayısı yolla bağlı olmasın... 

Roma Statutunu qəbul etdikdən sonra "Moskva Paşinyan hakimiyyətinə olan səbrinə son verdi"- deyə bilirik. Yumşaq güclə üç il ərzində hakimiyyət çevrilişinə nail olmayan Rusiyanın bu tip əməliyyatlara üz tutması sonuncu olmaya bilir. Paşinyanın isə hakimiyyətdən uzaqlaşdırılması Rusiya üçün heç də asan olmur...

Bəs Azərbaycanla sülh müqaviləsi imzalamadan Paşinyan iqridarı hakimiyyətdən uzaqlaşdırılarsa, Azərbaycan üçün hansı təhlükələr yarana bilər? Hazırda Rusiyayönümlü parlaq lider olmasa da, Arman Tatoyan tipli şovinist, revanşist, aqressiv birinin hakimiyyətə gətirilməsi mümkün variantdır. Şəxsin kimliyinin Azərbaycan üçün təhlükəsi olmasa da, sülh müqaviləsinin imzalanaması prosesi uzana bilər və bu zaman bölgəyə kənar qüvvələrin təzyiq və təsiri arta bilər... 

 

İlham İsmayıl