Nazim Əhmədli - ÜZÜNÜ QOY SİNƏM ÜSTƏ
23.07.2026.
Üzünü qoy sinəm üstə,
gör səni necə yandırır;
ürəyim gündüz üşüyür,
həsrətim gecə yandırır;
gün addıyır, düşür gecə,
dəli sevgi bir işgəncə;
çınqısı çatıb indicə
hələ, təzəcə yandırır;
bu dərd mənə gəldi, kimdən,
qaçdım loğmandan, həkimdən;
alovu qalxır içimdən,
məni gizlicə yandırır;
bilmədim nə sirr eliyib,
qovub, lap yesir eliyib;
könlümü əsir eliyib,
dərd içə-içə yandırır;
mən dəli sevda adamı,
həsrət qırıb inadımı;
sındırıb qol-qanadımı,
doldurub peçə yandırır;
ağ buludlar lələk-lələk,
ruhum bir adsız kəpənək;
ömrümüzü çərxi-fələk,
yandırır, heçə yandırır.