Əbülfət   Mədətoğlu  : -  Gözlərimin kökünəcən ...

Ədəbiyyat 08:00 / 01.05.2025 Baxış sayı: 2954

Gözlərimin kökünəcən sürünüb

Ağrı,sanki, lağım atıb bəbəkdə..

Təbiətin cəzasına bürünüb -

Arılar da boğulubdu pətəkdə!

 

Çatmayıbdı bir kimsəyə əl, nə ün

Basaratı bağlanıbdı ruhumun..

Heç bilmirəm yaşadığım bu nə gün? -

Yozumu  da tapılmır  son  yuxumun!..

 

Xiffətindi gödəkcəsi əynimin

Gah  yağışdan,  gah  da  qardan qoruyur...

Düşünsəm də bu günəcən bilmədim -

Göz yaşları məni hardan qoruyur?!

 

...Qapısızdı tanıdığım "ah"  evi,

Pəncərə də  şüşəsizdi,  dam   çöküb...

Qarşınıza  harda  çıxsa  yaş  izi -

Bilin, ordan Əbülfət də  yol  keçib...