Vasif Süleyman : - EYLƏMƏDİ

Ədəbiyyat 15:32 / 07.05.2025 Baxış sayı: 1212

 

Tapdım gözlərimdə bəxtin ağını,

Arzum həsrətimnən baş eyləmədi.

Mən gördüm ürəyin ağlamağını,

Ağladı, bir damla yaş eyləmədi.

 

Bir ömür çırpındım, qoymadı fələk,

Razıydım, qürubda üz-üzə gələk.

Nə ürək adına qalıbdı ürək,

Nə də ki biryolluq daş eyləmədi.

 

Çəkdiyim həsrət də mənə harammı...

Mən hələ həsrəti çəkən yarammı...

Bilmirəm heç görsəm, tanıyarammı,

Tale göstərəydi kaş.. Eyləmədi...

 

Bitdi nağıl ömür nağılsız kimi,

Röyaymış - şəkərsiz, noğulsuz kimi..

Vüsal gözləyirdik ağılsız kimi,

Ömür bircə dəfə tuş eyləmədi...