Ayaz Arabaçı - İki qitənin ürəyindəyəm
İki qitənin ürəyindəyəm
İstanbulda..
Ovcumun içindədir Mərmərə..
Qapısını açıram tarixin
min illərin səsi
daş küçələrdən keçib
gəlir qulağıma..
Xəyallarım İstambulun əzəmətli heykəlini yonur..
İstanbulda
günəş, səhərlər
suların alnından öpüb
sonra minarələrin başına qonur.
Və göyərçinlərin qanadında
küçələrə səpələnir.
Sağ tərəfindəyəm dənizin.
Dəniz ürəyim kimi
ləpələnir..
Bir tərəfdə Asiya yuxusundan oyanır,
Bir tərəfdə Avropa..
İki qitənin arasından Bosfor uzanır..
Uzanır, mavi bir misra kimi.
Bir tramvay keçir
İstiqlalın səs-küyündən.
Küçənin başında bir simitçi
müştəri çağırır,
uzaqda bir gəmi fit verə-verə bağırır.
Üzü payızadı, yarpaqlardan
xəzan yüksəlir.
Yaxınlıqdakı
məsciddən azan yüksəlir.
Və şəhər
bir anda bütün səsləri
bir musiqidə cəmləyir.
Çayçı Bürhanəddin mənə çay dəmləyir..
Hərənin bir dərdi,
hərənin bir ümidi..
Mərmərə in sahilindəyəm,
ürəyim balıq kimidi.
Hərənin gedəcəyi bir yer var.
İstanbul, gecələr Ayın dizinə baş qoyub yatırsan.
İstanbul,hər kəsin hekayəsini
öz hekayənə qatırsan.
Kimisi özünü
sevgilisinin "gəlirəm" zəngində tapır,
Kimisi göylərin lacivərd rəngində tapır,
kimisi də bir ayrılığın son dayanacağında.
Kimisi üçün başlanğıcsan,
kimisi üçün geri dönülməz bir son.
Sənə sevgim bu saat birə-on!
İstanbul, sən mənim üçün
şəhər olmaqdan çıxmısan artıq..
Bir xatirəsən,
bir həsrətsən, bir sevgisən.
İstanbul...
Səni sevmək
bir az tarixi sevməkdir,
bir az dənizi,
bir az küləyi..
Səni sevmək
iki qitənin arasında
ürəyini asmaqdır.
Səni sevmək göyləri bağrına basmaqdır.
Bir tərəfdə
günəş doğur,
bir tərəfdə
günəş batır.
Amma sən
ikisinin arasında
həmişə işıqlı qalırsan.
Yaraşıqlı qalırsan...
Sənin səhərlərin
qəhvə qoxuyur,simit qoxuyur,
axşamların
dəniz.
Küçələrin
addım səsləri ilə danışır,
divarların
keçmişi xatırlayır.
Daşların
insanlardan daha çox
sirlərlə doludur.
Sinən nəğmələrin süd yoludur.
Bir daşın altında
bir imperiyanın yuxusu,
bir pəncərənin arxasında
bir qadının həsrəti..
Bəlkə də
bütün şəhərlər
bir az insandır.
Amma sən
insandan artıqsan.
Sən zamanın
özünə qoyduğu imzasan..
Şərqlə Qərbin
bir-birinə yazdığı
ən uzun məktubsan
İstanbul...
Sənin üçün
nə qədər şeir yazılsa da,
yenə bir misran
çatışmayacaq.
Nə qədər mahnı oxunsa da,
yenə bir avazın yeri boş qalacaq
Nə qədər rəssam
səni çəksə də,
yenə bir rəngin
kətana sığmayacaq.
Çünki sən
görünən şəhər deyilsən yalnız.
Sən hiss edilən şəhərsən.
Səni gözlə yox,
ürəklə görmək lazımdır.
Bir axşam
sahildə dayanıb
Boğaza baxmaq lazımdır.
Heç nə demədən.
Sadəcə baxmaq...
Gəmilərin gedişinə,
suların hərəkətinə,
uzaqda yanan işıqlara...
İstambuldayam..
Dünyanın ən gözəl ofisində.