Köhnə küçələrdən müasir həyata pəncərə - Nicat Kolan yazır
"Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır", – deyiblər. Mən də bu fikri rəhbər tutaraq Gürcüstana – Tbilisiyə üç günlük səfər etdim. Əslində, bu səfəri çoxdan planlaşdırırdım. Demək ki, qismət bu günə imiş.
Vaxt itirməmək üçün təyyarə ilə getməyi seçdim. Uçuş cəmi 50 dəqiqə çəkdi. Elə 50-ci dəqiqədə təyyarə Tbilisi səmasında dövrə vuraraq enişə başladı. Gürcü dilini bilmədiyim üçün əvvəlcə bir qədər tərəddüd edirdim. Amma hava limanında rus və türk dillərində danışan insanları görəndə xeyli rahatlaşdım.
İlk işim gürcü larisi almaq oldu. Daha sonra yerli nömrə alıb internet paketini aktivləşdirdim. Axı indiki dövrdə internetsiz həyatı təsəvvür etmək çətindir. Hər yerdə olduğu kimi, burada da hava limanından şəhərə aparmağı təklif edən taksi sürücüləri vardı. Yaşlı bir kişi məni çoxdan tanıyırmış kimi gülümsəyərək yaxınlaşdı və ədəb-ərkanla dedi:
— Qamarjoba! Ketili iqos şeni mobrdzaneba Tbilisi!
"Qamarjoba" sözünün salam demək olduğunu bilirdim. "Tbilisi" sözündən də təxmin etdim ki, ağsaqqal mənə "Tbilisiyə xoş gəlmisən" deyir.
Yarı rus, yarı ingilis dilində ona təşəkkür edib birlikdə şəhərə yollandıq. Ağsaqqalın danışığından və üzərindən gələn çaxır qoxusundan hiss etdim ki, bir qədər içkilidir. Söhbət əsnasında gülərək dedi:
— Bizdə hamı çaxır içir – kişisi də, qadını da, cavanı da, qocası da...
Beləcə, səmimi taksi sürücüsü mənə yolboyu Tbilisi haqqında maraqlı söhbətlər etməyə başladı və şəhərlə ilk tanışlığım elə onun dilindən başladı...
İlk olaraq şəhər mərkəzinə gəldim. Kür çayı Tbilisinin düz ortasından keçərək şəhəri iki hissəyə ayırır. Şəhərin qədim küçələri, eyvanlı evləri və tarixi memarlığı ilk baxışdan insanı özünə valeh edir.
Yaşlı sürücü şəhəri daha yaxşı seyr edə bilməyim üçün avtomobili hündür bir nöqtəyə sürdü. Buradan Tbilisi ovuc içi kimi görünür. Yaxınlıqda ucalan məşhur "Gürcü anası" heykəli isə sanki bütün şəhəri qucaqlayır. Elə buna görə də bu abidəni Tbilisinin demək olar ki, hər yerindən görmək mümkündür.
Həmin nöqtədən şəhərin simvollarından sayılan Sülh körpüsü, Sameba Katedralı və digər tarixi-memarlıq abidələri bütün əzəməti ilə görünür. Yaşlı sürücü yolboyu bu yerlər haqqında maraqlı məlumatlar verdi. Sonra məni Azadlıq meydanında endirdi. Səmimi söhbətə görə ona təşəkkür edib sağollaşdıq.
Bundan sonra Tbilisini özüm kəşf etməyə başladım. Əvvəlcədən bron etdiyim otel şəhər mərkəzinə yaxın olduğundan piyada yol aldım. Yolboyu qarşıma çıxan küçələr, qədim binalar və şəhərin sakit ab-havası məndə xoş təəssürat yaratdı. Köhnə küçələrdə gəzərkən elə bil tarixin içində addımlayırdım.
Yerləşdiyim otel Tbilisinin hündür bir yerində, tam Sameba Katedralının qarşısındadır. Buradan da şəhərin hər yerini seyr etmək mümkündür. Oteldə bir qədər dincəldikdən sonra yenidən şəhərin küçələrinə üz tutdum. Qarşıda isə məni Tbilisinin hələ görmədiyim saysız-hesabsız gözəllikləri gözləyirdi...
"Avlabari" metro stansiyasından qatara minib 1 dayanacaq sonra şəhər mərkəzində "Azadlıq meydanı" stansiyasında endim. Metro Azadlıq Meydanında yerləşdiyinə görə elə adını da eyni qoyublar. Metro stansiyasından çıxanda birbaşa meydana çıxırsan.
"Azadlıq meydanı" Tbilisinin ən məhşur və simvolik məkanlarından biridir. Bu meydan Gürcüstan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsini simvolizə edir. Meydanın mərkəzində ucalan Müqəddəs Georgi abidəsi isə xeyirin şər üzərində qələbəsinin rəmzi hesab olunur.
Şəhər əhalisi əsasən gürcülərdir. Amma öyrəndiyim məlumata görə 15 minə yaxın azərbaycanlı da yaşayır burada. Yol boyu xeyli xarici turistlərlə də rastlaşdım. Əsasən Çindən, Hindistandan, Rusiyadan və Türkiyədən gələn insanlar üstünlük təşkil edir. Marağımı çəkən məqamlardan biri isə turistlərə onların anlayacağı dildə müraciət etmələri oldu. Əsas da türk dilində səlis danışırlar. Gürcü mətbəxilə tanış olmaq və nahar etmək üçün bir restorana girdim. Əlbəttə ilk öncə məhşur gürcü xəngəlinin dadına baxmaq istədim. Kartoflu və ətli gürcü xəngəli sifariş verdim. Kartoflu gürcü xəngəlini ilk dəfə yeyirdim, heç də ətnən bişən xəngəldən geri qalmır. Qiymətlər isə bizə nisbətən biraz bahadır. Burda da şəhər mərkəzi olduğuna görə kənarlara nisbətən qiymətlər daha yüksəkdir.
Burada insanların sadə və səliqəli geyim üslubu diqqətimi cəlb etdi. Əsasən də gənclər çox zövqlü geyinirlər. Gənclərin isə əksəriyyəti qollarına və ayaqlarına döymələr döydürüblər. İnsanlar çox sakit şəkildə bir-biri ilə danışır, kənar şəxsləri qətiyyən yüksəkdən danışaraq narahat etmirlər. Şəhərdə Avropa şəhərlərinə xas həyat tərzi və mədəniyyət aydın şəkildə görünür.
Səfərin birinci günü Meydan bazarını, məşhur Saat qülləsini, At heykəlini, Sülh körpüsünü və Köhnə Tbilisinin qədim küçələrini gəzdim. Şəhərin bu hissəsi "Köhnə Tbilisi" adlanır. Buradakı daş döşənmiş küçələr, qədim evlər, kilsələr və kilsə zənglərinin səsi insanı sanki keçmişə aparır. Yeri gəlmişkən, Köhnə Tbilisinin ən maraqlı guşələrindən biri də nağılvari görünüşü ilə seçilən Saat qülləsidir. Qeyri-adi memarlığı ilə diqqət çəkən bu qüllənin yanında kiçik bir kukla teatrı fəaliyyət göstərir. Axşam saatlarında burada tamaşalar nümayiş olunur və bu tamaşalar həm turistlərə, həm də şəhər sakinlərinə xoş anlar yaşadır.
2-ci günə şəhərdən 15 km aralıda yerləşən Tbilisi Tarixi Xronoloji Salnamə abidəsini ziyarət etməklə başladım. Abidə Gürcüstan tarixini və ölkənin dini-mədəni inkişafını daş üzərində oyulmuş səhnələrlə əks etdirir. Buradan şəhər və Tbilisi Dənizi istiqamətinə də gözəl mənzərə açılır. Bura turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.
Abidədən çıxıb taksi ilə Tbilisinin yeni salınmış hissəsindən keçərək Meydan bazarına doğru hərəkət etdim. Yolboyu müasir memarlıq üslubunda inşa edilmiş hündürmərtəbəli binaları, ticarət mərkəzlərini, abad parkları və rəngarəng musiqili fəvvarələri seyr etmək imkanı əldə etdim. Köhnə Tbilisinin tarixi ab-havasından fərqli olaraq şəhərin bu hissəsi müasir görünüşü və dinamik həyatı ilə diqqətimi cəlb etdi.
Daha sonra Mtatsminda Parkına yollandım. Tbilisinin ən yüksək nöqtələrindən birində yerləşən bu park attraksionları, yaşıllıq əraziləri, kafe və restoranları, eləcə də şəhərə açılan möhtəşəm panoramik mənzərəsi ilə məşhurdur. Buradan Tbilisini tam şəkildə seyr etmək və gözəl xatirə şəkilləri çəkmək mümkündür. Park İosif Stalinin dövründə, 1930-cu ildə salındığına görə bəzən insanlar buranı "Stalinin bağı"da adlandırırlar. Kanatla şəhərin üzərindən keçərək "Rustaveli" metro stansiyasına yaxın bir yerdə endim. Daha sonra Tbilisi şəlaləsinə getdim. Təsəvvür edirsiniz? Şəhər və şəlalə...Adətən şəlalə dağlıq ərazilərdə, çayların vadisində olur. Şəhərin düz mərkəzində olan bu şəlalə şəhərə başqa bir gözəllik qatır.
Tbilisinin köhnə küçələrindən müasir həyata möhtəşəm bir pəncərə açılır. Bu şəhərdə tarixlə müasirlik yanaşı addımlayır. Üç gün ərzində gəzdiyim hər küçə, gördüyüm hər məkan məndə fərqli təəssürat yaratdı. Tbilisi təkcə qədim abidələri ilə deyil, həm də müasir siması, mehriban insanları və özünəməxsus ab-havası ilə yaddaşıma həkk olundu.
Hər səfər insana yeni xatirələr, yeni baxış bucağı qazandırır. Tbilisidən də xoş təəssüratlarla ayrılıram. Ümid edirəm ki, yenə bir gün bu gözəl şəhərə qayıdacağam.
Sağ ol, Tbilisi!