Kəmalə Abiyeva Aydın qızı - Hardasa bir tənha qadın darıxar

Ədəbiyyat 12:01 / 23.05.2026 Baxış sayı: 438

 

Boylanıb illərin uzaqlığına

bir qadın özünə təsəlli arar.

Donar xatirələr soyuqluğunda

qar kimi üstünə yağar hər nə var.

 

Qar kimi üstünə yağar hər nə var,

hardasa bir tənha qadın darıxar.

Dərdli arzuların göz yaşlarında

ürəyi boğular, özü boğular.

 

Ürəyi boğular, özü boğular,

aldanar qapının tıqqıltısına.

Ümidi asılar yanaqlarından

qarışar yağışın pıçıltısına.

 

Qarışar yağışın pıçıltısına,

bir qadın yağışla darayar saçın.

Dönər yalnızlığın hayqırtısına

hardasa, hardasa darıxan qadın.

Hardasa, hardasa darıxan qadın

"kaş ki..."lər əlində çarəsizləşər.

Darıxan qadının ümidi adam,

bir gediş, bir mesaj, bir zəng də yetər...