Aida Adıgözəldən İKİ ŞEİR

Ədəbiyyat 16:56 / 23.05.2026 Baxış sayı: 249

Get...

Ürəyimdə məzar tikdim sən adlı,

qəm çiçəyin gətir basdır, bitir get.

Qaytar mənə səndə olan nəyim var,

gəlişinlə izlərini itir, get.

 

Ağrıların, sancıların adamı,

yaddaşından sil gizlincə adımı.

Boğulduğun dəniz idi, adamı,

əllərimi qayıq elə götür, get.

 

Bir gün yenə günəş çıxar, haçansa...

Bir gün ümid sabahlara oyansa.

Gözün azıb pəncərəmə boylansa,

al qəlbimi, ümidlərə ötür, get.

 

Yavaş-yavaş kölgələrə dönürsən,

gözün yolda, boynubükük gedirsən.

Kor gözlərim görür necə sönürsən,

getməmişdən səni mənə gətir, get

.

Adı və dadı olmayan şeir

Ölməyə nə var ki, gözünü yum, get...

Burax dünyanı da, qayğıları da.

Gələrlər, gedərlər, yolu ot basar,

bir gün tərgidərlər darıxmağı da.

 

Sonrasın düşünmə geyimlərinin,

verərlər yoxsulun biri geyinsin.

Ya suya atarlar, ya basdırarlar,

insan qoxusuna torpaq sevinsin.

 

Bir gün dəyişərlər yataq yerini,

yığarlar paketə qalan nə varsa.

Atarlar çardağın tozlu küncünə,

ya da daş qəlblisi vurub yandırsa...

 

Bir göz qırpımında yaşandı bitdi,

seyr etdin illərə sığışmağını.

İndi anladınmı doğulanların

dünyaya gələndə ağlamağını.

 

Torpağın üstündə daşdan baş daşı,

torpağın altında bir qucaq sümük.

Bir neçə xatirə... yadlara düşsə,

bir də arxivlərə atılmış kimlik...

 

Gəl

Tamarzıyam səndə qalan günlərə,

bir qucaqlıq, bir sinəlik ölüm, gəl.

Həsrət adlı xərçəng sardı canımı,

ağrılara, acılara gülüm, gəl.

 

Coşub yenə içimdəki qəm... daşır,

al əlimdən bu kədəri sən daşı.

Yüküm ağır, yolum çətin, mən naşı,

gəl tufanım, gəl yağışım, selim, gəl.

 

Sən gedəli lal olmuşam, susuram,

xoş günlərim parça-parça... qusuram.

Tapdanmaqdan sınıq-sökük hasaram,

gəl dodağım, gəl ağzımda dilim, gəl.

 

Əcəl gəldi qapım döydü dünən də,

"gəl al" ‐ dedim həm cismimi, ruhən də.

İtirmişəm vətənimi sinəndə,

yurdum-yuvam, kənd-kəsəyim, elim, gəl..