Ay Bəniz Əliyar - İSTƏSƏN OLURMUŞ
İstəsən olurmuş istədiklərin,
Yola "dur" deyirsən, yağışa "dayan".
Qəlbin gözü gülür, zərgərin zəri,
Gülə "sev" deyirsən, naxışa "boyan".
İstəsən olurmuş istədiklərin,
Ayrılıq oyunu bitir heç-heçə.
Gözündə isinir bir görüş yeri,
Könlünü fəth edir Aylı bir gecə.
İstəsən olurmuş istədiklərin,
"Bəlkələr, keşkələr..." bir bəhanədir.
Çıxarıb qəlbindən hər dərdi-səri,
Bir dəli rüzgara atırsan, gedir.
İstəsən olurmuş istədiklərin,
Özünə "bunu da boş ver" deyirsən.
Gözünün aynasın çırpırsan yerə,
Qəlbinin qapısın kilidləyirsən.