Ayaz Arabaçı - Bir ömür hekayəm var.

YAZARLAR 09:31 / 23.05.2026 Baxış sayı: 442

Hekayəmizə davam..

Əslində bu hekayəfason şeyin yaranmasına səbəb bir rəngi-ruhu solmuş məktub oldu.

Elə ki,mən başladım köhnə əlyazmaları, saralmış dəftərləri, vaxtilə yazdığım yarımçıq şeirləri ələk-vələk eləməyə bu məktub qəfil çıxdı ortalığa.

Həm bu məktuba,həm də müxtəlif əlyazmalara illərin tozu məhrəmcəsinə çöküb qalmışdı. Hərdən hansısa cümlənin altından gəncliyim boylanır, unudulduğunu sandığım hisslər yenidən canlanırdı. Mən əvvəlcə bu məktuba elə də fikir vermədim və kənara qoymaq istədim. Elə bildim köhnə dost-tanış yazışmalarındandır.. Amma zərfi əlimə alan kimi birtəhər oldum.. Bu, ondan idi...Lenadan.. Tam otuz altı il əvvəl gəlmiş məktub. Birbaşa Moskvadan. Əllərim titrədi. Sanki bu məktub keçmişin özü idi. Mən evlənəndə belə təhlükəli şeyləri - məktubları, şəkilləri, bəzi ünvanlı şeirləri ehtiyat üçün bacımgildə qoymuşdum. Düşünmüşdüm ki, bəzi xatirələr uzaqda olsa məsləhətdir.. Yoxsa bir gün adamın həyatı alt-üst ola bilər. Bəs bu məktub necə olmuşdu ki, yaddan çıxmışdı? Zərfin küncləri qırılmışdı. Üzərində Moskvanın solğun möhürü hələ də seçilirdi. Tarix isə adamın canını üşüdürdü ..1989. Otaqda qəribə bir sükut vardı. Elə bil zaman dayanmışdı və mən- illər əvvəlki o oğlan yenidən qayıdıb bu otaqda mənimlə yanaşı durmuşdu. Bir müddət zərfi açmağa cürət etmədim. Axı bu son məktubu Lena mənə oxumağım üçün yox, onu unutmağım üçün yazmışdı.. Amma nə yazıq ki, insan ən çox unutduğunu sandığı adamın əsirinə çevrilir...Gah məktuba baxırdım, gah stolun üstə qalaqlanmış kağızlara.

Burda nələr yox idi... Bir ömrün səpələnmiş izləri idi hamısı. Məşhur yazıçılarla məktublaşmalar... Vaxtilə heyranlıqla oxuduğum adamlardan gələn cavab məktubları... Haqqımda yazılmış könül sözləri... Təbriklər... uğurlu yollar arzuları... İllərin o üzündən boylanan unudulmuş səslər... Bəzi məktubların kağızı nazikləşmişdi. Elə ehtiyatla açırdım ki, sanki bir az bərk toxunsam, zaman ovulub əlimdə dağılacaqdı. Hər zərfin üstündə ayrı bir tarix yatırdı. Hər tarix isə başqa bir adamı qaytarırdı yaddaşıma. Haqqımda olan bir yazının altında məşhur bir yazıçının imzasını görəndə qeyri-ixtiyari gülümsədim. Vaxtilə o yazı mənə dünyanın ən böyük hadisəsi kimi gəlmişdi.. O yazını günlərlə dönə-dönə oxumuşdum. İndi isə illərin uzaqlığından baxanda anlayırdım ki, insanı xoşbəxt edən şöhrət yox, o hisslərin səmimiyyəti imiş.

Burda ilk çap olunan şeirlərimin qaralamaları vardı. Qırmızı qələmlə düzəliş etdiyim misralar... Hirsli-hirsli üstündən xətt çəkib pozduğum cümlələr... Bir küncdə böyük hərflərlə yazılmış: “Daha yazmağa bir quş...”

Gənclik necə də səmimiyyətlə doluymuş.. Bir köhnə dəftərin arasından saralmış qəzet parçası düşdü. Mənim haqqımda balaca bir yazı idi. O vaxt o yazını neçə dəfə oxuduğumu xatırladım. İndi isə o qəzetin mürəkkəbi belə solmuşdu. Zaman hər şeyi silib yox eləyə bilirmiş demək... Amma qəribədir: insan unutduğunu sandığı hissləri bir köhnə kağızda yenidən tapır. Bəzi vərəqlərdə artıq həyatda olmayan dostların xətti qalmışdı. O adamların çoxu indi torpaq altındaydı, amma yazıları yaşayırdı. Demək ki,insanın səsi özündən uzun ömürlü olur. Mən o kağızların arasında dolaşdıqca hiss edirdim ki, keçmiş heç vaxt tam keçib getmir. O, haradasa köhnə qovluqların arasında səssizcə yaşayır və bir gün qəfil qarşına çıxır. Stolun üstü getdikcə qarışırdı. Əlyazmalar... Məktublar... Şeirlər... Şəkillər... Və onların arasında bir də o saralmış zərf…

Məni qəribə bir hiss çulğamışdı. Elə bil illər boyu daş kimi susan xatirələr birdən-birə dil açmışdı. O saralmış zərfi əlimdə tutduqca ürəyimdə qəribə bir ağrı dolaşırdı,o nə tam həsrət idi, nə peşmanlıq... Bəlkə də mənim o dadlı gəncliyimə duyduğum gizli yanğı idi. Qeyri-ixtiyari “Köhnə məktublar” şeiri gəlib gözümün qabağında dayandı. O an şairin yazdığı bütün hissləri damla-damla yaşadım. İllər əvvəl oxuyanda sadəcə bəyəndiyim misralar indi mənim öz taleyimə çevrilmişdi. Köhnə məktubların qəribə bir qoxusu olur... Kağızdan,mürəkkəbdən çox, zamanın qoxusuyla dolu olurlar.onlar. İnsan o məktubları oxumur, öz keçmişinə toxunur. Mən də eləcə dayanmışdım. Əlimdə bir parça kağız vardı, amma içində bütöv bir ömür gizlənmişdi. Bir vaxtlar həyatıma ildırım kimi girən bir qızın səsi susmuş hərflərin arasından yenidən eşidilirdi. Pəncərənin arxasında axşam ağır-ağır enirdi. Otaqda təkcə divar saatının yorğun səsi eşidilirdi. Mən isə otuz altı il əvvəlin bir payız axşamına qayıtmışdım. Rusiya..İsti və soyuğun qarışdığı küçələr... Yağışdan islanmış yollar... Və Lenanın mənə yazdığı o son məktub... İllər insanı dəyişir. Amma bəzi xatirələr var ki, zaman onlara toxuna bilmir,necə var elə də qalırlar-isti,şirin.