Arzu Hüseyn - Ölsəm, heykəl olacam
Ölsəm, heykəl olacam,
Hələ sağam, gör məni.
Qucağım istidir, gəl –
Soyutmamış gor məni.
Neynirəm sonra gəlsən?
Bəlkə sonra olmadı.
Bəlkə görüşmək üçün
Bir də zaman qalmadı.
Deyəcək sözlərini boxça elə,
Gəldiyin yolları baxça elə…
Ölsəm, heykəl olacam,
Hələ sağam, sev məni.
Gecənin bir yarısı
Aparmamış div məni,
Gizlətməmiş qəsrində əjdahalar –
Sən gizlət məni,
Sən apar məni.
Vaxt yoxdur,
Heykəl edəcək həsrət məni…
Pay tut şirinliyindən,
İçimə çəkim şirin iyindən…
Ölsəm, heykəl olacam,
Hələ sağam, tap məni.
Anam-atam öpməyib,
Sən sarıl, sən öp məni.
Ağlayım uşaq kimi, kirit, anam ol,
Dostum ol, yarım ol, sonam ol.
Heç nə istəmirəm ki, bircə doğma qucaq...
Aldat məni,
De ki, yaxşı olacaq…