Bəhram Bilaloğlu - Şükür edən ürək və təmiz vicdan.

YAZARLAR 20:11 / 23.05.2026 Baxış sayı: 734

Payız özünü qışa təslim etməyə hazırlaşırdı.Kəndin yollarında saralmış yarpaqlar küləyin səsinə qarışıb gah sağa, gah sola sovrulurdu. Uzaqdan görünən dağların başına çökən duman sanki insanların qəlbindəki dərdləri gizlədirdi.

Kəndin kənarında yaşayan Şükür kişi hər səhər olduğu kimi yenə həyətə çıxdı. Köhnə taxta skamyada oturub əlindəki təsbehi yavaş-yavaş çəkməyə başladı. Onun bir sözü vardı:

İnsan gərək vicdanını itirməsin. Pul gedər, mal gedər, amma vicdan gedəndə adam da gedər.

Kənddə hamı ona hörmət edərdi. Çünki Şükür kişi heç kimin haqqına girməz, yetimin göz yaşına səbəb olmazdı. Amma kənddə bir nəfər vardı — varlı tacir Qədir. O, pulla hər şeyi almağın mümkün olduğunu düşünürdü. Kasıbın torpağını ucuz alar, sonra baha qiymətə satardı. Hər dəfə də deyərdi:

Bu dünyada güclü olmaq üçün cib dolu olmalıdır.

Bir gün güclü yağış başladı. Sel kəndin aşağı hissəsini basdı. İnsanlar evlərini qorumağa çalışırdı. Elə həmin gecə Qədirin böyük anbarını su apardı. İllərlə yığdığı mal bir göz qırpımında yox oldu.

Səhər açılan kimi kənd camaatı onun həyətinə yığışdı. Hamı təəccüblə baxırdı. Qədir isə palçığın içində oturub başını aşağı salmışdı. O anda Şükür kişi yaxınlaşıb sakit səslə dedi:

Oğul, dünya insana hər şeyi öyrədər. Amma ən böyük dərs haqqı yeməməkdir.

Qədir ilk dəfə idi ki, cavab verə bilmirdi. Çünki illərlə topladığı sərvət onu o an ayaqda saxlaya bilməmişdi. Ayaqda saxlayan isə kənd camaatının mərhəməti idi.

Həmin gündən sonra Qədir dəyişdi. Yetimin haqqını qaytardı, kasıblara kömək etdi. Bir gün yenə Şükür kişinin yanında oturub soruşdu:

Ay əmi, insanın ən böyük varı nədir?

Şükür kişi təsbehi əlində saxlayıb göyə baxdı:

Şükür edən ürək və təmiz vicdan.

Külək yenə yarpaqları yollara səpələyirdi. Amma bu dəfə Qədir o yarpaqlara başqa gözlə baxırdı. Çünki anlamışdı ki, insanı ucaldan pul deyil, insanlıqdır.