İSMAYIL MƏRCANLI İMANZADƏ : - YIXILIR
Yerə-göyə sığışmayıb
Burnunu dik tutan, qafil.
Əyri işin, bəd əməlin
Kölgəsində yatan qafil.
Yaltaqlıq, məddahlıq edib,
İstəyinə çatan qafil.
Həqiqətin sərt üzü var,
Hər işin geci, tezi var.
Yadda saxla, havalanıb
Atılıb-düşən yıxılır!
Vəzifənə arxalanıb
Öyünməyin bil ki əbəs.
Bir gün sənin qamətini
Əyəsidir boğulan səs!
Hardanmış səndə bu qədər
Var-dövlətə istək-həvəs?!
Axı, səni niyə öyüm,
Ayaq saxla, bir də deyim,
Məzlumların ayağının
Altını eşən yıxılır!
Allahın dinc bəndəsiyəm,
Gücüm biləkdə, dizdədi.
Gizli nəyim var ki axı,
İşığım-odum sözdədi.
Səninsə çuçun-günahın
Ya daldada, ya üzdədi...
Ağlın varsa... ta çaşma ha,
Yersiz kükrəyib-daşma ha...
Özüm şahidəm, kiməsə
Gedib ilişən yıxılır!
18.08.2024