Rafail Incəyurd : - Şeir əvvəlkitək oxunmur daha

Ədəbiyyat 15:43 / 15.05.2024 Baxış sayı: 1497

 

Vaxtın yedəyində zövqün fərzidi,

Olub-keçənlərə əsrin ərzidi,

Hər nədi xilqətin həyat tərzidi-

Şeir duyğulara toxunmur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

O köhnə hay-haray, şənlik necoldu?

Cavabı düz çıxan tənlik necoldu?

Hanı mənəviyyat, mənlik necoldu,

Getdi şeirləşən o qürur daha,-

Şeir əvvəlkitək oxunmur daha.

 

Biz görən şairlər azalıb getdi,

Gedənlər taledən köz alıb getdi.

Həvəs ürəklərdə sozalıb getdi-

Gəlmir göy üzündən qəlbə nur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Hardadı Piranlar, hanı Ozanlar?

Dünyanı bürüdü yolu azanlar.

Qardaş, çoxalsa da şeir yazanlar-

Coşmur ilham seli, axmır gur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Dost, siyah şaçlara nə tez dən düşür?

Bu, zaman hökmüdü, ya qəsdən düşür?

Həvəskar yazanlar həvəsdən düşür-

Qocalar ümiddən gen durur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Hanı əski tamlar, yox olub niyə?

Bini-bərəkəti çəkilib göyə.

Yaxşılar yaxşıya yön olmur deyə-

İrəli yerimir köhnə sur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Nəyinə gərəkdi şeir acların?

Nəyinə gərəkdi hər söz tacların?

Ünvanı dəyişir ehtiyacların-

Ətalət dil açıb, deyir: -dur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Tamarzı halını bolda dəyişdi,

Yolçu neyləsin ki, yol da dəyişdi.

Çöl o çöl deyil ki?! –kol da dəyişdi,-

Bənövşə bükülmür, qoxunmur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Hərə at oynadır öz yığnağında,

Oğulsan, yalanın döz yığnağında.

İzdiham olardı söz yığnağında-

Söz sözün köksünə sığınmır daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Sözü əldən alır əl şairləri,

Gülləni gül bilir gül şairləri.

Elindən olduqca el şairləri,

Haqqın saatını dala qur daha,

Şeir əvvəlkitək oxunmur daha.

Qardaşım, ömrünü şeir eləmə,

Kədəri sovurub, dərdi ələmə.

Boşuna taledən uğur diləmə-

Haqqı olan şair ad ummur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Əhvallar pərişan, ürəklər qırıq,

Yoxdu o təmanna, o ərk, o qılıq.

Qorxulu deyilsən sən də, ayrılıq,

Daha bizimləsən, yaxın dur daha,

Şeir əvvəlkitək oxunmur daha.

 

Düşmür əvvəlkitək söz dildən-dilə,

Özünü az incit, az- bilə-bilə.

Yazırsan- özünçün yaz, elə-belə,

Sonra için-için yalvar Allaha,

Şeir əvvəlkitək oxunmur daha.