Şahlar Məmmədov : Sözün açığı Agentliyin işləri məni maraqlandırmır
v
“Bilirsiniz, DDLA-də o qədər şeylər var ki, bunların hamısını kitaba, dəftərə yazmaq olmur və bu onlara sığışmaz da. İşlərin normal yaxşı getməsi üçün yerlərdə kifayət qədər təcrübəyə və savada malik mütəxəssislər və işin əhilləri oturmalıdırlar”.
Kaptan Şahlar Məmmədov adı azərbaycanlı dənizçilər üçün doğmadır, çoxları onu tanıyır, hörmətini saxlayır, haqqında xoş sözlər deyir və nümunə göstərirlər.
Uzun müddət Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində işləyib, Azərbaycan Dövlət Dəniz Administarsiyasının, indiki Dövlət Dəniz və Liman Agentliyinin rəhbərliyində təmsil olunub. Bu təşkilat dövlətin əhəmiyyətli strukturunu yaradanlardan biridir. Şahlar müəllim haqqında çox danışmaq olar. Müəllifi olduğum “Dənizçi həyatı” kitabında onun həyat yolu, dənizçilik həyatı ilə bağlı etdiyim müsahibədə geniş bəhs edilib.
Qısaca, Şahlar müəllim haqda geniş təqdimata ehtiyacı yoxdur, onun adı özü özünü təqdim edir. Diqqətli oxuculara onunla etdiyimiz müsahibəni təqdim edirik:
–Şahlar müəllim, bu gün görəvi dənizçiliklə bağlı olan təşkilatımızın, Dövlət Dəniz və Liman Agentliyinin durumu necədir? Müşahidələr və Beynəlxalq dənizçilik təşkilatlarının adı çəkilən dövlət qurumumuza münasibətlərində bir qədər loyallıq, etmadsızlıq duyulur. Sizcə bu nə qədər ədalətlidir?
-İlk olaraq qeyd etməliyəm ki, bütün beynəlxalq təşkilatlar könüllü təşkilatlardır. Onların əsasnamələri var, və həmin əsasnamələrin də əsasında fəaliyyət göstərirlər. O cümlədən dənizçilik sahəsinə aid olan Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və sairələrin qəbul etdiyi konvensiyalar, məcəllələr, qətnamələrin heç biri heç bir ölkə üçün məcburi deyil və tövsiyə xarakteri daşıyır.
– Yəni, adlarını çəkdiyiniz və çəkmədiyiniz təşkilatların qəbul etdiyi konvensiyalar, qərar və qətnamələr, irad və qüsurlar, aşkarlanan nöqsanlar DDLA-nın işlərinin yenidən qurulmasına, bu konvensiyaların tələblərinə etinasız yanaşmasına əsas verir?
– Əlbəttə belə deyil. Həmin konvensiyalar, məcəllələr, qətnamələr ölkələr tərəfindən prosedurlara uyğun olaraq ratifikasiya edilib qəbul ediləndən sonra, yuxarıda sadalananlar həmin ölkələr üçün də qanuni olur və yerinə yetirilməsinə məsuliyyət daşıyırlar. Artıq həmin ölkədə o sahə ratifikasiya olunan konvensiyalar, məcəllələr, qətnamələrlə nizamlanır və beynəlxalq ekspertlər ona uyğun audit aparırlar. Burada artıq bu sahədə ikinci yerli qanuna ehtiyac yoxdur. Cünki bir sahənin ikili yoxlanması yolverilməzdir.
-Belə başa düşülür ki, Beynəlxalq Təşkilatların qərarlarına riayət etməmək olar.
– Xeyir olmaz, əgər qəbul edilibsə. Amma konkret olaraq belə deyək, heç bir Beynəlxalq Təşkilat hər hansı bir ölkənin daxili işlərinə qarışmır, bu o ölkənin öz daxili işidir. Yalnız bir şey var, əgər siz artıq o təşkilatın üzvüsünüzsə bu sahədə öz işinizi beynəlxalq səviyyədə qəbul olunmuş konvensiyalara, məcəllələrə, qətnamələrə və illərlə yığılmış beynəlxalq təcrübələrə əsasan qurmalısınız. Əgər qurmursunuz, bu sizin öz işinizdir, amma bu sizi yavaş-yavaş beynəlxalq səviyyədə nüfuzdan salacaq – bu qədər sadə.
-Axı dənizçilik sahəsində fəaliyyət göstərən bütün təlim-tədris mərkəzləri, təhsil və praktik işlər BDT-nın tövsiyələri və tələbləri çərçivəsində edilir.
– Məlumdur ki, hər hansı bir ölkədə dənizçilik sahəsində fəaliyyət göstərən bütün Təlim-Tədris Mərkəzləri (TTM) Dənizçilərin DHDNÇ/STWC Beynəlxalq Konvensiyaya (Dənizçilərin Hazırlanması, onlara Diplom verilməsi və Növbə Çəkmələri haqqında 1978-ci il tarixli əlavələr edilmiş Beynəlxalq Konvensiyaya (DHSNÇ BK- 1978)) uyğun olaraq o ölkənin Dəniz Administrasiyası tərəfindən yoxlanılır və bundan sonra həmin TTM-də hazırlıq kurslarının adı çəkilən konvensiyaya müvafiq olaraq aparılması haqqında uyğunluq şəhadətnaməsi (administrasiya tərəfindən tanınma) verilir. Dəniz Administrasiyasının bu tanınmadan sonra həmin TTM-lərin siyahısını öz saytında dərc edir və müvafiq Beynəlxalq Təşkilatlara hesabat zamanı və ya audit zamanı təqdim edilir. Artıq bundan sonra bu TTM-lərin ikinci bir tanınmaya ehtiyacı olmamalıdır və olmur da. Onlar sərbəst fəaliyyət göstərir və hazırlıq kurslarının sonunda aidiyyəti üzrə Qiymətləndirmə aparılır və müvafiq sertifikatlar verir. Bu TTM-lərdə hazırlıq kurslarının sonunda imtahan deyil, Konvensiyaya və BDT/İMO Model kurslarına uyğun olaraq Assesment/Qiymətləndirmə (İmtahan ingilis dilində “Examination” yazılır) aparılır ki, bu da qiymətləndirməyə ayrılan 2 saat hazırlıq kurs proqramlarının ümumi saatına daxildir. Budur konvensiyanın tələbi və beynəlxalq təcrübə.
Bizdə də aparılan bu fəaliyyətin BDT/İMO-ya DHDNÇ/STWC Beynəlxalq Konvensiyaya uyğunluğu üçün İMO-nun üzv ölkələrinin, eləcədə qonşu ölkələrin təcrübələrinə baxmaq lazımdır, necə deyərlər, nə isə icad etməyə ehtiyac yoxdur. İndi zamanın nəbzini tutub qabağa getmək vaxtıdır və agentlik qabaqcıl beynəlxalq təcrübələrlə məşğul olmalı və bu sahədə olan Beynəlxalq Təşkilatların yeniliklərini həyata keçirməyə çalışmalıdır.
-Şahlar müəllim, yenilikləri həyata keçirməyə çalışılmalıdır, deyirsiz, nədir ləng olan, həllini tapmayan məsələlər?
-Mənim yaxşı yadımdadır ki, biz Dəniz Administrasiyanı (indiki DDLA) yaradanda bütün qonşu ölkələrin dəniz administrasiyalarında olduq və lazımı məlumatları aldıq. Amma Rusiyanın Sankt-Peterburq şəhərində olanda kinayə ilə nümayəndələrimizə dedilər ki, “Dəniz administrasiyasını yaratmaq nəyinizə lazımdır, elə əvvəlki kimi, bu işi bizə həvalə edin, canınız da əzab-əziyyətdən qurtarsın”.
Rusiyalı həmkarlarımızın fikrincə, bu, bizim görə biləcəyimiz iş deyildi. Mən o zaman çox pis oldum və dedim ki, bizə görə narahat olmayın biz bu işi gözəl formada quracağıq.
Biz işimizi dənizçilik sahəsində olan Beynəlxalq Təşkilatlarla yüksək səviyyədə və o dövrün beynəlxalq təcrübəsinə uyğun olaraq qurduq, mütəmadi olaraq o təşkilatlarla əlaqə saxlayaraq birgə aidiyyəti üzrə kurslar təşkil etdik, təlimlər keçirdik. Hətta bütün bunları digər Xəzəryanı ölkələr üçün də təşkil etdik.
–Bəs indi necədir vəziyyət?
– Əfsuslar olsun bu gün heç bir əsasa söykənməyən, beynəlxalq təcrübəyə uyğun olmayan və ya zidd olan hər hansı bir yenilik görəndə, rusların kinayə ilə dediyi o sözlər yadıma düşür.
-Şahlar müəllim, son vaxtlar Beynəlxalq Dəniz Təşkilatından, eləcə də digər təşkilatlardan gələn xəbərlər sırasında yeni dənizçi nəslinin yetişdirilməsində haqqımızda xoş olmayan fikirlır də yer alır. “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” tövsiyədə beynəlxalq təcrübədə nələr var?
-“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” DHDNÇ/STWC Beynəlxalq Konvensiya uyğun sertifikatların verilməsinə dair aşağıda göstərilən ölkələrdə BDT/İMO və beynəlxalq təcrübəyə uyğun olaraq prosedur belədir.
- Ukrayna:
- Konvensiyaya uyğun olaraq bütün diplomlar, təsdiqnamələr, dənizçi pasportu liman kapitanı (kapitan port) tərəfindən verilir;
- Bütün hazırlıq kursları sertifikatları kursu təşkil edən Təlim-Tədris Mərkəzləri (TTM) tərəfindən verilir;
Dəniz Administrasiyası liman kapitanı və TTM mərkəzləri tərəfindən verilən məlumatlar əsasında onların reyestrini aparır.
- Rusiya:
- Konvensiyaya uyğun olaraq bütün diplomlar, təsdiqnamələr, dənizçi pasportu liman kapitanı tərəfindən verilir;
- Bütün hazırlıq kursları sertifikatları kursu təşkil edən Təlim-Tədris Mərkəzləri (TTM) tərəfindən verilir;
Dəniz Administrasiyası liman kapitanı və TTM mərkəzləri tərəfindən verilən məlumatlar əsasında onların reyestrini aparır.
- Türkiyə:
- Konvensiyaya uyğun olaraq bütün diplomlar, təsdiqnamələr, dənizçi pasportu liman kapitanı ( liman kapitanı Dəniz Administrasiyasının tabeçiliyindədir) tərəfindən verilir;
- Bütün hazırlıq kursları sertifikatları kursu təşkil edən Təlim-Tədris Mərkəzləri (TTM) tərəfindən verilir;
Dəniz Administrasiyası tabeçiliyində İstanbulda xususi bir qurum var, liman kapitanı və TTM mərkəzləri tərəfindən verilən məlumatlar əsasında onların reyestrini aparır.
- Litva:
- Konvensiyaya uyğun olaraq bütün diplomlar, təsdiqnamələr, dənizçi pasportu liman kapitanı tərəfindən verilir;
- Bütün hazırlıq kursları sertifikatları kursu təşkil edən Təlim-Tədris Mərkəzləri (TTM) tərəfindən verilir;
Dəniz Administrasiyası liman kapitanı və TTM mərkəzləri tərəfindən verilən məlumatlar əsasında onların reyestrini aparır.
- Bolqarıstan:
- Konvensiyaya uyğun olaraq bütün diplomlar, təsdiqnamələr, dənizçi pasportu liman kapitanı tərəfindən verilir;
- Bütün hazırlıq kursları sertifikatları kursu təşkil edən Təlim-Tədris Mərkəzləri (TTM) tərəfindən verilir;
Dəniz Administrasiyası liman kapitanı və TTM mərkəzləri tərəfindən verilən məlumatlar əsasında onların reyestrini aparır.
Bütün TTM-lər Administrasiya (Azərbaycanda bu qurum Dövlət Dəniz və Liman Agentliyi adlanır), (Dövlət səlahiyyət verdiyi hər hansı bir qurum) tərəfindən tanınmalıdır və İMO-ya təqdim olunan məlumatlara da daxil edilərək Administrasiyanın internet saytına qoyulmalıdır və Administrasiya isə zaman-zaman, mütəmadi olaraq həmin TTM-də konvensiyanın tələblərinə uyğun olaraq yoxlamalar aparmalıdır.
–Şahlar müəllim, dünya dənizçilik təcrübəsindən az-çox bəhrələnmiş, təcrübələri olan dənizçilərimizin də, elə sizin də indi dediklərinizdən məlum olur ki, bu istiqamətdə DDLA gərəkən addımları atmır, yaxud yenilənməyə doğru yeni islahatlara imza atmaqda ləngiyir. Kifayət qədər təcrübəsi olan, Beynəlxalq Dəniz Təşkilatının konvensiyaları qətnamə və qərarları ilə bilgili olan mütəxəssis kimi, təklifiniz nədir, DDLA nəyi düz etmir, yaxud nəyi etməlidir?
– Sözün açığı məni Agentliyin işləri maraqlandırmır, məni sadəcə olaraq dənizçilərimiz və bu gün dənizçilik sahəsində respublikamızın beynəlxalq səviyyədəki vəziyyəti maraqlandırır və istəmirəm ki, bizim səviyyəmiz əvvəlkindən aşağı düşsün. Həqiqəti bilmirəm, amma kənardan görünüşlərə görə yetərincə mütəxəssis yoxdur və beynəlxalq təcrübələrdən də uzaqlaşırıq. Bü gün orada olan az sayda dənizçilərimiz savadlıdırlar və çalışırlar nəsə eləsinlər, amma deyəsən onlar yetərincə yetgili deyillər və beynəlxalq səriştələri kifayət qədər deyil. Həqiqətini bilmirəm, amma bizə görə kənardan işlər beynəlxalq təcrübələrdən uzaqlaşır ki, bu da yaxşı hal deyil. Sonra dənizçilərimiz beynəlxalq arenada boş qalacaqlar.
Bilirsiniz, bir şey yadıma düşdü, bir dəfə İMO-nun audit yoxlaması zamanı auditorlardan biri mənə belə dedi: “Şahlar kapitan, biz dənizçilərimizi qısa kurslar təşkil edərək maliyyəçi, liman dövlət müfəttişləri, hüquqşünaslar və sairə sahil işçiləri edirik, amma onları dənizçi eləməyə çalışmırıq, çünki bu düzələn iş deyil həddən artıq çox vaxt tələb edir ki, bu da tezliklə və keyfiyyətlə olan şey deyil.
Bir şeyi xüsusilə qeyd edim ki, istənilən ölkə bütün konvensiya, məcəllə və qətnamələri qəbul etməkdə sərbəstdir, amma əgər beynəlxalq sulara çıxmaq istəyirsinizsə, o zaman probleminiz yarana bilər. Konvensiyaları qəbul edən ölkə konvensiyaları qəbul etməyən ölkələrin gəmilərini sularına daxil olmağa icazə vermirlər. Bilirsiniz, o qədər şeylər var ki, bunların hamısını kitaba, dəftərə yazmaq olmur və bu onlara sığışmaz da. İşlərin normal yaxşı getməsi üçün yerlərdə kifayət qədər təcrübəyə və savada malik mütəxəssislər və işin əhilləri oturmalıdırlar.
-Şahlar müəllim, Sizə təşəkkür edirəm ki, vaxt ayırıb dənizçilərimizin maraqları daxilində olan bəzi sualları cavabladınız. “Dənizçilərə Sosial Dəstək” İctimai birliyi və Müstəqil.Az saytı olaraq dənizçilərimizin ümumi işləriindəki problemlərin həlli yolunda sizlərin məsləhət və fikirlərinizə müraciət edəcəyik.
-Siz sağ olun ki, dənizçilərimizin maraqlarına xidmət edirsiniz. Müraciətinizi isə daima cavablandırmağa hazıram.
Söhbətləşdi: Faiq BALABƏYLİ,
“DSD” İB-nin idarə heyətinin sədri,
“Müstəqil.Az saytının baş redaktoru, gəmi kapitanı