Firuz Mustafa - KÜRK
(Qısametrajlı film üçün ssenari)
Titrlərdə filmi ərsəyə gətirənlərin (ssenari müəllifinin, rejissorun, bəstəkarın, operatorun, texniki işçilərin və aktyorların) ad-soyadı tünd qara şriftlərlə verilir. Bu qara şriftlərin arxa fonunda isə narın-narın yağan bəmbəyaz qar.
İri planda divardan asılmış fotoşəkil. Fotoda üç adam: Qadın, Kişi və Oğlan uşağı.
Otaq. Qadın pəncərədən baxır. Uşaqlar xizək sürür.
Musiqi.
Qadın dəsmalla çərçivədəki fotonun üzünü silir, sanki onun tozunu alır. Fotodakı Qadın o, özüdür.
Qapı cırıltı ilə açılır. Dəhlisdə Uşaq görünür. Bu, divardan asılmış fotodakı Uşaqdır.
Onların, yəni Qadın ilə Uşağın arasında belə bir dialoq olur.
-Ana, mən də gedirəm uşaqlarla xizək sürməyə.
-Axı sən soyuqlamısan.
-Onda qoy kürkü geyim.
İri planda dəhlizdəki asılqandan asılmış kürk. Uşaq və Qadın kürkə baxırlar.
-Bu kürk sənə böyükdür, böyüyəndə geyərsən, mənim balam.
-Geyinib baxmışam, əynimə yaxşı oturur.
Qadın duruxub əvvəlcə kürkə, sonra isə divardakı fotoşəklə baxır. Fotodakı Kişi sanki zəhmli baxışlarla Qadını süzür. Qadın həyəcanla Uşağa baxır:
-Dedim ki, böyüyəndə... Olmaz...
Uşaq kövrəlir. Xanım uşağın başına sığal çəkərək deyir:
-Oğlum, ölən adamın pal-paltarını geymək günhdır. Deyirlər, bunun düşər-düşməzi olur.
Uşaq bir müddət susur, başını aşağı salır, sonra otaqdan çıxır.
Qadın pəncərədən baxır. Uşaq xizəyinin dəstəyində tutub sürüyə-sürüyə gedir. Qadın başını yellədir. Şəkildəki kişi sanki diqqətlə Qadına baxır.
Musiqi.
Kadr dəyişir.
Həmin otaqda indi üç adam var: Həkim, Qadın və Uşaq. Həkim diqqətlə baxdığı termometri çantasına qoyaraq dəmir çarpayıda uzanmış Uşağa yaxınlaşır. Uşaq fasiləsiz öskürür. Ana çarəsiz halda küncə qısılıb. Həkim uşağın nəbzini tutub müəmmalı bir təəssüf hissi ilə başını yelləyir.
Musiqi.
Həkim:
-Sətəlcəm olub... Yerini isti etmək lazımdır.
Qadın uşağın üstünə bir odeyal da atır.
Həkim ora-bura vurnuxur. Gözü dəhlizdəki asılqandan asılmış kürkə sataşır. Gedib kürkü götürür və Uşağın üstünə çəkir.
Bundan sonrakı kadrlarda söhbət eşidilmir.
Musiqi.
Yavaşıdılmış kadrlar. Otaqda Qadın və Uşaq. Uşağın üstündə kürk. Qadın əlini uşağın alnına qoyur. Uşaq sakitcə uzanıb. Qadın həyəcanla əyilib dodağını uşağın alnına toxundurur. Uşağın gözləri yumuludur. Qadın Uşağın yaxasından tutub onu əvvəlcə ehtiyatla, sonra bərk-bərk silkələyir. Hiss olunur ki, Uşaq bu hərəkətlərə reaksiya göstərmir.
Qadın qıyya çəkir.
Musiqi.
Kadr dəyişir.
Qəbristanlıq. Yan-yana iki məzar. Qəbirlərdən biri böyük, digəri isə kiçikdir. Qoşa məzarlardan birinin-böyük məzarın başdadşında Kişinin fotosu. Kiçik məzarın başının üstündə kiçicik bir başdaşı var. Bu, Uşağın qəbridir.
Musiqi.
Qadın görünür. O, qucağında gətirdiyi bağlamanı açır: bu, evdəki kürkdür.
Qadın əyilib kürkü yerə, daha doğrusu qoşa məzarın üstünə sərir. Kürkün qanadlarından biri böyük məzarı, digər qanadı isə kiçik məzarı “qucaqlayır”. Sanki ata-oğul bu anlarda qol-boyun olub isti kürkün altında rahat yatırlar.
Musiqi.
Qadının gözünün önündə Kişi və Uşaq canlanır. İndi onların hər iksinin əynində qalın kürk var. Kişi və Uşaq əvvəlcə qadına sarı gəlir, sonra kəskin şəkildə arxaya çevrilərək sanki sonsuzluğa sarı gedirlər.
Qadın qıyya çəkərək onların arxasınca qaçır:
-Eheyyy...
Qadın qaçır.
Qar yağır.
Musiqi.
Titrdə yazı:
SON