Fərhad Tapdıqoğlu - Aşağı

YAZARLAR 12:12 / 18.10.2026 Baxış sayı: 1289

 

( hekayə)

Mehralı ilə Osman bir kənddəndirlər. Aşağı kənddən.Osman kəndin yuxarı başında,Mehralı isə dərəaşağıda,aşağı məhlədə yaşayırdı.Çox başıaşağı uşaq idi uşaq vaxtı Mehralı.Dərslərini pis oxumurdu.Müəllim danlayanda isə həmişə başını aşağı salırdı.

Orta məktəbi bitirəndən sonra hər ikisi texniki institutların birinə ,ayrı-ayrı ixtisaslara qəbul olundular.Aşağı kurslarda bəzi leksiyalarda " potok" ( bir neçə qrup bir yerdə) olur, tez- tez görüşürdülər.

İnsititutu bitirəndən sonra təyinatla eyni müəssisədə işlədilər.Osman sex rəisi,Mehralı texniki təchizat şöbəsi rəisliyinə qədər yüksəldi .Hər ikisinə eyni binadan (9 mərtəbəli ) gənc mütəxəssislər kimi növnədənkənar mənzil verildi.Osman yuxarı,səkkizinci,Mehralı aşağı ,üçüncü mərtəbədə.

...SSRİ dağılandan sonra ,zavodun həyətində əvvəllər nəzarətsiz qalan,heç kimin fikir vermədiyi qiymətli mis,alüminium və sair materiallar oğurlanmağa,qonşu ölkəyə daşınmağa başladı.Mehralı da bu oğurluğa girişdi,özünü möhkəm "tutdu".Müəssisədən çıxdı.Şirkət açdı. Pul başından aşağı tökülürdü.Deyilməyə görə villası, obyektləri getdikcə artırdı.

...Artıq gözləri ayaqlarının altını görmürdü.Hamıya yuxarıdan aşağı baxırdı.

Aşağılayırdı işçilərini hərdən.Qonşuların üstünə hərdən " hinduşka xoruzu kimi xoruzdanırdı"...

...Osman bir - iki dəfə onu başa salmaq istəsə də, Mehralı bahalı maşınına əyləşib uzaqlaşmışdı.

Osman düşünürdü: " Yuxarı baxırsan bığdı, aşağı baxırsan saqqal".Axı hər ikisi bir kənddən idilər,aşağı kənddən.

Osman da xəstə idi.Hipoteniya xəstəsi-arterial təzyiqin normadan aşağı düşməsindən əziyyət çəkirdi.Bankdan aşağı faizlə pul götürsə də, ödəyə bilmirdi.Osmanın oğlu aşağı vəzifələrin birində işləyir,artıq evə qazanc gətirir ,atasının bank borcunu qaytarmağa başlayırdı.

...Mehralının oğlanlarının biri "kopiya " özü idi .Sanki " burnundan fırt eləyib düşmüşdü".Sadəcə atasının boyu onunkundan aşağı idi.

İncəvara çox ağıllı oğlandı.O ,atasının saymazyana hərəkətlərinə görə xəcalət çəkirdi.O da atasının gəncliyində olduğu kimi başıaşağı idi,amma çox nəzakətli gənc idi.

...Mehralının maşını binanın giriş qapısının ağzında dayanmışdı.Osman onu görüb,cəld pilləkənlərlə aşağı düşdü.O növbəti dəfə Mehralının qarşısını kəsib ,onun hərəkətlərinin yol verilməz olduğunu başa salmaq istədi:

---Mehralı müəllim ,belə olmaz ,insanları aşağılamaq olmaz,qonşulara yuxarıdan aşağı baxma.Fikrət Qoca demişkən " insanlıq səviyyəsindən aşağı alçaqlıqdır. " Sən insanlıq səviyyəsindən aşağı düşmüsən,çox düşmüsən- dedi...

Mehralı əllərini yelləyib,maşını işə saldı,istirahətə getdiyini ,onun qanını qaraltmamağı xahiş etdi.

...Axşam xəbər gəldi. Bir xarici markalı maşın idarəetməni itirəndən sonra gür axan çayların birinə düşüb ,çayaşağı axıb,gedib.

...Qoca nənələrin bir qarğışını xatırladım:

"Səni çayaşağı axıdım,çayyuxarı axtarım"...