Sevinc Qərib - ÇƏTİN BU DÜNYAYA GƏLƏRƏM YENƏ

Ədəbiyyat 12:32 / 18.10.2026 Baxış sayı: 1331

 

Son ümiddi kirpiyimdən sallaşan,

Gözlərimi bağlamağa qorxuram.

Qorxuram ki, öz-özümlə dalaşam,

Göz yummamış baxışımdan çıxıram.

Laylası bir, ağısı bir könlümün,

Çaldıranın bir insafa borcu var.

Məhşərədək ağrısı var zülmünün,

Taleyimin ili şaxta, bürcü qar...

Ələnib bu ömür dərd ələyindən,

Saçına bəyazdan çələng hörülüb.

Ötüşüb şeytanın kəf, kələyindən,

Bir ömür içində ömür sürülüb.

Son payız harayım yağır ovcuma,

Sərgərdan ruh kimi yoxam özümdə.

Kiçilir göy üzü sığır ovcuma,

Az qalıb buludu sıxam gözümdən.

Əl elə göylərdən, əl elə mənə,

Tanrının üzünü güldürən mələk.

Çətin bu dünyaya gələrəm yenə,

Nəfsimi beşikdə öldürən mələk.