Əşrəf Veysəllidən iki şeir

Ədəbiyyat 09:50 / 18.09.2026 Baxış sayı: 242

 

Ata

Dilimdə ən şirin sözüm,söhbətim,

İnancım,güvəncim,pənahım ata.

Tükənmək bilməyən gücüm,qüdrətim,

Səngimək bilməyən ocağım ata.

 

Saralan qürubam,qaralan qaşam,

Yelkənsiz qayığam, yuvasız quşam.

Tufanlar qoynunda azıb qalmışam,

Zülmət gecələrdə çırağım ata.

 

Ürəyim çırpınır fırtınalarda,

Sən ey son ümidim ,hardasan,harda?

Gəl məni xilas et bu intizardan,

Sökülən dan yerim,sabahım ata.

Könlümün yuvası,yurdu da sənsən,

Mənim güvəndiyim ordu da sənsən,

Həyatın dörd şərti...dördü də sənsən,

Odur,suyum,havam ,torpağım ata.

Çəmənsən,üstündə şəbnəməm sənin,

Qəlbinə,ruhuna həmdəməm sənin,

Sənsən yaradanım, bəndənəm sənin,

Allahdan aşağı Allahım ata.

 

=

Mən niyə yazıram bu yazıları

 

Əridə-əridə odlu qəlbimi,

Dünya öz işində qalacaqdısa,

Kainat milyon il əvvəlki kimi

Köhnə havaları çalacaqdısa,

Mən niyə yazıram bu yazıları?

Tanrının yanında üzüm yoxdusa,

Dünyada heç nədə gözüm yoxdusa,

Haçandır dilimi bir söz göynədir,

Onu da deməyə lüzum yoxdusa ,

Mən niyə yazıram bu yazıları?

Bir də görürsən ki,gün dağdan aşıb,

Dərdin əllərinə saçın dolaşıb...

Çoxu çıxarıbdır ürəyi yaddan,

Çoxunun çörəyə qarışıb başı,

Mən niyə yazıram bu yazıları?

Uzağı bircə söz yazanacandı,

Əl sözə isinib qızanacandı...

Çətini beşikdən məzaracandı,

Məzardan bu yana gəliş yoxdusa,

Məzardan o yana gediş yoxdusa,

Məzardan o yanda bir iş yoxdusa

Mən niyə yazıram bu yazıları?

Mən kimə yazıram bu yazıları?!