Əlizadə Nuri - Gəl
Dərdin dərmandı mənə,
Hardasan dərd-sərim, gəl.
Yolları bir xalıtək
Ayağına sərim, gəl.
Soyuğuna yandığım,
Gün var ki usandığım?!
Dinimdə pir sandığım
Dilimdə əzbərim, gəl.
Bu dünya ağı imiş,
Sevgim göz dağı imiş.
Ayrılıq yağı imiş-
Sipərim, səngərim, gəl.
Səni xatırlamaqdan,
Vaxt yoxdu unutmağa.
Əllərindən tutmağa
Əlimi göndərim, gəl.
Son yarpağım üzülür,
Gəl, öldür bu hüzünü.
Bütün bu yer üzünü
Başına döndərim, gəl...