Əlizadə Nuri : - Darıxan gecə üçün nəğmə...

Ədəbiyyat 13:30 / 15.01.2025 Baxış sayı: 235

 

 

Bu nə gəmidi, Allah-

Sahilə çatmaq olmur

Boğulduğun dəryada

Bəs niyə batmaq olmur?

 

Bir ağ bulud boylanır,

Göy üzünün damından.

Yenə də yağış damır

Gecənin yanağından...

 

Qucaqladım baharı,

Təzə girib- körpədi.

Gələn bahar bəlkə də

Gəlib məni görmədi.

 

Bəlkə də heç ay deyil,

Göy üzündə yanır şam?

...Uşaqlıq şəklim də yox-

Bilim uşaq olmuşam.

 

...Çağırdım yer üzünü

Çıxmadı səsə, yoxmuş.

Sən demə, bu dünyada

Allahdan kimsə yoxmuş...